Məhkəmə qərarları › İş №3(125)-4251/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4251/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4251/2024 16.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən X3, tələbkar şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 29 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Gəncə- Daşkəsən Reginal Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 3-29-31/3-K/2023 nömrəli əmri tələbkar Zərərçəkmiş şəxs ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi hissədə ləğv edilməli və Zərərçəkmiş şəxs əvvəlki mühasib işinə bərpa edilməlidir. Zərərçəkmiş şəxs məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri İcra İdarəsinin icraatına daxil olmuş, icranın təmin edilməsi üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmçinin borcluya tələbin qanunla müəyyən edilmiş könüllü icra müddəti ərzində icra edilməsinə dair bildiriş göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1622/2023 saylı,xx.xx.2023-cü il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə Gəncə-Daşkəsən Reginal Təhsil İdarəsinə göndərilmişdir. Borclu Gəncə- Daşkəsən Reginal Təhsil İdarəsi xx.xx.2024-cü il tarixli məktubunda Zərərçəkmiş şəxs Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 3-29-31/3-1-135K/2024 nömrəli, xx.xx.2024cü il tarixli əmri ilə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Mərkəzləşdirilmiş mühasibatlığm mühasibi vəzifəsinə bərpa edildiyini bildirmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizə ilə Gəncə şəhər üzrə İcra İdarəsinə müraciət edərək, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli əmri ilə sözügedən idarənin mərkəzləşdirilmiş mühasibatlığın mühasib vəzifəsinə 6 ay müddətinə bərpa olunduğunu və həmin əmrin 6 ay müddət hissəsi ilə razı olmadığını,qətnamə üzrə müddətsiz olaraq işə bərpa edilməli olduğunu bildirmişdir.Tərəfimizdən xx.xx.2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1622/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasına izah verilməsi üçün həmin məhkəməyə ərizə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1622/2022 nömrəli,xx.xx.2024-cü il tarixli qərardadına əsasən “Zərərçəkmiş şəxs əvvəlki-mühasib işinə bərpa edilsin” sözləri özlüyündə sonuncunun müddətsiz işə bərpa olunmasını ehtiva edilməsini bildirmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizə ilə Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edərək işə bərpa olunduğunu amma bərpa olunduğunu amma bərpa olunduğu müddətə qədər olan pulun ödənilmədiyini bildirmişdir. İcra sənədinin bərpa olunduğu müddətə qədər pulun ödənilməsinə dair olan hissədə icra edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə borclu Gəncə-Daşkəsən-Regional Təhsil İdarəsinə xəbərdarlıqlar göndərilmişdir. Belə ki, borclu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədinin icrasından dolayı yolla boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən borclu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Şəxs Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 protokolun məzmununa uyğun ifadə verərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X2 çıxışında qeyd etmişdir ki, tələbkar şəxs Zərərçəkmiş şəxs əvvəlkimühasib işinə bərpa olunub və onun hesabına Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən 8259 manat vəsait ödənilmişdir. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs çıxış edərək qeyd etmişdir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən onun hesabına 8259 manat vəsait ödənilmişdir. Lakin ödənilməli olan məbləğ düzgün hesablanmamışdır. (bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından, icra məmurunun və borclunun məhkəmə iclasında verdiyi izahatından görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(104)-1622/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədini qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi”nə dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 29 noyabr 2024-cü il tarixli, MN 2087601nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar