Məhkəmə qərarları › İş №3(125)-4258/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4258/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4258/2025 17.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, “X3”-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə plan üzrə yoxlama keçirilmiş və yoxlama zamanı reseptlə buraxılmalı olan dərman vasitəsinin reseptsiz buraxılması faktı aşkar edilmişdir. Belə ki, “Analgin ampul” dərman vasitəsinin resept olmadan satışı aparılmış və satışını təsdiq edən qəbz iş materialına əlavə edilmişdir. Əlavə olaraq bildirmişdir ki, kağız reseptlər 2023-cü ilə qədər qüvvədə idi, hazırda kağız reseptlər resept kimi tanınmır, hüquqi qüvvəsi yoxdur, artıq elektron reseptə keçirilib, yəni, həkimlərin reseptləri elektron qaydada tərtib etməli olduqlarını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq qəbzi müfəttişlərin yoxlama zamanı aşkar etdiyini bildirərək məhkəmədən Şəxs MMC-nin inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMCnin Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2025-ci il saat 10:10 tarixində plan üzrə yoxlama zamanı resept təqdim edilməklə buraxılmalı olan dərman vasitəsinin reseptsiz satışı faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, Ə-319 saylı planlı yoxlamanın keçirilməsi haqqında aktından görünür ki, yoxlama zamanı resept əsasında buraxılan dərman vasitəsinin (Analgin ampul) reseptsiz buraxılması faktı aşkar edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3nin baş direktoru tərəfindən təsdiq edilmiş yoxlama suallarının siyahısından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2-1157/2025 nömrəli qərarına və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY252391637 nömrəli çıxarışa əsasən Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət (əczaçılıq fəaliyyəti) üzrə Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında aparılan planlı (növbəti) yoxlama zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2006-cı il tarixli, 208-lllQ nömrəli Qanunun (maddə 13.4) tələblərinin yerinə yetirilmədiyi müəyyən edilmişdir. - sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025ci il tarixli, KY252391637 nömrəli çıxarışdan görünür ki, Şəxs MMC-yə məxsus əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə xx.xx.2025 – xx.xx.2025-ci il tarixdə həmin müəssisədə planlı (növbəti) yoxlama, yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2-1157/2025 nömtrəli qərardan görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə xx.xx.2025 – xx.xx.2025-ci il tarixdə həmin müəssisədə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2025-ci il saat 10:10-da resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktı müəyyən edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən həkim resepti əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə - yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 452.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar