Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4267/2025 27.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, qərarda göstərilmişdir ki, guya o, nəqliyyat vasitəsini idarə edərkən hərəkət istiqamətini dəyişərkən zolağa çıxmadan manevr etmişdir. Lakin bu iddia həqiqətə uyğun deyil. Hadisə zamanı o, yol nişanlarının və hərəkət zolaqlarının tələblərinə tam əməl etmişdir, hərəkətin təhlükəsizlik qaydalarını pozmayıb və heç bir digər nəqliyyat vasitəsinə maneə yaratmamışdır. Təhlükəsizlik kameralarının görüntüləri və şahid ifadələri bunu sübut edə bilər. Məhkəmə iclasında şikayət vermiş X4 ərizəni müdafiə edərək izahatında bildirdi ki, "xxxx" MMC-nin işçisi olmaqla “YUTONG BUS ZK6126HG” markalı, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusun sürücüsüdür. xx.xx.2025-ci il tarixdə, saat 09:20-də işıqforun yaşıl işığında “Sünbül” tərəfdən Gülüstan qəsəbəsinə doğru sağ tərəfə dönərkən "xxxx" MMC-yə məxsus avtomobil onun önünü kəsərək dönüş etməsinə maneə yaratdığı üçün məcbur olaraq avtobusunu dayandırmalı olmuşdur. Bundan sonra həmin avtobus onun idarə etdiyi avtobusu vurmuşdur. Yolun eni 7 metr olduğu halda, avtobusun uzunluğu 12 metrdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, onun qarşısına çıxan avtobus onu gözləsəydi, hərəkət etməsəydi, o, yolu dönmə əməliyyatını həyata keçirərdi. Sonda xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş -Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 09:20-də Gəncə şəhəri, N.Nərimanov prospektində “YUTONG BUS ZK6126HG” markalı, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində - əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmədə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. -“YUTONG BUS ZK6126HG” markalı, **-JZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğundan məhkəmə tərəfindən həmin avtobusun sürücü X4 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 09:20-də idarə edilməsinə dair "xxxx" MMC vasitəsi ilə çəkilən video-görüntülərinin təqdim edilməsi üçün "xxxx" MMC-yə sorğu verilmiş, sorğu nəticəsində həmin avtobusa dair müvafiq videgörüntülər məhkəməyə təqdim edilmişdir. -Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 tərəfindən X1 inzibati xəta törətməsini əks etdirən videogörüntülər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi hadisənin görüntülərini əks etdirən məhkəmə sorğusu nəticəsində əldə edilən 2 ədəd “DVD” diskdə olan videogörüntülər ilə tam təsdiq olunur. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında X2 əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması ilə bağlı videodisklərə baxış keçirilən zaman təqdim olunan görüntüdən şikayətçinin pozuntu törətdiyi aşkar görünür. Onun gətirdiyi dəlilləri isə məhkəmə şəxsin məsuliyyətdən yayınması üçün gətirdiyi dəlillər hesab edir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərarla tam təsdiq olunur. Həmçinin inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs tərəfindən şikayətini təsdiq edəcək sübutlar məhkəməyə təqdim olunmamışdır. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü bəndinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Bunun əksi olaraq iş materiallarına əlavə edilmiş videogörüntülərdən aydın olur ki, inzibati xətanın törədildiyi yolda X4 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarına əməl etməmiş və qanunvericiliyin tələbini pozmuşdur. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X3 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-4267/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4267/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver