Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-428/2023 01.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, A.Səhhət-28, NQÇ-3 yataqxanasında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY Y Ə N E T D İ: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Gəncə şəhəri “Kəpəz” bazarında uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X3 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Gəncə şəhəri “Kəpəz” bazarında işləyir və bununla ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri “Kəpəz” bazarının Nicat adlı əməkdaşı ona yaxınlaşaraq yanğın söndürən maşınların bazara girə bilməsi üçün satdığı malları oradan yığışdırmasını bildirmişdir. O da bundan əsəbləşərək onların ona qarşı qərəzli olduqlarını bildirərək uca səslə “mənim yerimi satan belə-belə olsun” kimi ifadələr işlətmişdir. Bu an polis əməkdaşı da ona yaxınlaşaraq kobud şəkildə satdığı malları oradan yığışdırmasını bildirdiyi üçün o, yenidən uca səslə onun yerini satan şəxsin ünvanına müəyyən ifadələr işlətmişdir. Lakin polis əməkdaşları onu polis idarəsinə dəvət edən zaman o etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Bundan sonra isə onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşı X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə “Kəpəz” bazarında xidmətdə olan zaman həmin bazarın müdiri yanğın söndürən avtomobillərin bazara girməsi üçün yolu boşaltmalarına köməklik göstərilməsini ondan xahiş etmişdir. O, Şəxs yaxınlaşıb müdirin göstərişi olduğunu və buranı boşaltmaq lazım olduğunu bildirdikdə Şəxs onu yerindən edənə qarşı uca səslə nalayiq ifadələr işlətməyə başladı. O, Şəxs nizamintizama dəvət etsə də o, yenə də öz əməllərini davam etdiridi. Bundan sonra o, həmin yerə post patrulun əməkdaşlarını çağırmış və həmin vaxt isə Şəxs hara lazımdısa gedəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, “Kəpəz” bazarında rüsumçu vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə “Kəpəz” bazarında olan zaman həmin bazarın müdiri yanğın söndürən avtomobillərin bazara girməsi üçün yolu boşaltmalarına dair onlara göstəriş vermişdir. O, Şəxs yaxınlaşıb müdirin göstərişi olduğunu və mallarını ordan götürməsini bildirdikdə Şəxs onu yerindən edənə qarşı uca səslə nalayiq ifadələr işlətməyə başladı. Bundan sonra ora polis əməkdaşları gəlmiş və onu polis idarəsinə dəvət etmişlər, Şəxs isə hara lazımdısa gedə biləcəyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. Məhkəmə iclasında Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, “Kəpəz” bazarında ucadan səs-küy salması tam sübuta yetirilir. Qeyd olunanlarla yanaşı məhkəmə iclasında Şəxs polis əməkdaşlarına tabesizlik göstərməsi iş materialları ilə sübut olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməli və onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs əməlində İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz ifadəsi, şahidlərin ifadələri və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-428/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-428/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver