Məhkəmə qərarları › İş №3(125)-4285/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4285/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4285/2024 24.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, X5 küçəsi, ev 9, mənzil 7 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs tərəfindən Gəncə şəhəri, Cavadxan küçəsində “Kokteyl” adlı obyektdə xx.xx.2024-cü il tarixdə saat 16:55-də açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş vaxtında və tam yerinə yetirilməmişdir. Bu əmələ görə X6 İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qayda da məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 11-3-3/2-1894/2024 nömrəli yazılı göstərişdən görünür ki, Açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Şəxs Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən “Kokteyl” adlı obyektdə açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə müraciət edilməsi tələb olunmuş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, 2978 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən Şəxs Gəncə şəhəri, Cavadxan küçəsində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələbləri pozulmaqla fasadda 5 m2 ölçüdə reklam yayımlamağı aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, 4688 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən Şəxs Gəncə şəhəri, Cavadxan küçəsində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla (açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə olmadan) fasadda 5 m2 ölçüdə reklam yayımlamağı aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, 11-3-3/2-2285/2024 nömrəli inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirakı barədə yazılı bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Şəxs Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən “Kokteyl” adlı obyekt ilə bağlı (açıq məkanda) müvafiq icazə olmadan reklam yayımını həyata keçirdiyindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsi üçün xx.xx.2024-cü il tarixli, 11-3-3/2-1894/2024 nömrəli yazılı göstəriş göndərilmişdir. Yazılı göstərişin alınmasından qanunla müəyyən edilmiş 5 (beş) gün müddət keçməsinə baxmayaraq onun tərəfindən qeyd edilənlər icra edilməmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmiş və iştirak etməsi üçün idarəyə dəvət olunmuşdur. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, fiziki şəxs Şəxs rəsmi qaydada dəvət edilsə də inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün idarəyə gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan reklam yayımı hallarını müəyyən etdikdə icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etmək hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. X6 İdarəsi bu səlahiyyətə istinad edərək Şəxs yayımladığı reklamla bağlı müvafiq yazılı göstəriş vermiş, sonuncu isə müvafiq icazəni almadan reklam yayımını davam etdirmişdir. Bununla da o, İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsində göstərilir ki, inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq sənəd əldə etmədən fiziki şəxs kimi fəaliyyət göstərdiyindən və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən fiziki şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar