Məhkəmə qərarları › İş №3(125)-429/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-429/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-429/2023 05.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin e-2(125)-266/2922 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1253 manat və Gəncə Avtomobilservis və ticarət müəssisəsinə ödənilmiş 37.60 manat alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi, İş üzrə ödənilmiş 33.00 manat dövlət rüsumu iddiaçıya aid edilməsi, iş üzrə məhkəmə ekspertiza xərci 100 manatın borclu Şəxs tutularaq ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Hal-hazırda borclu Şəxs 923 manat borcu mövcuddur. Borclu Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun dayısı İ qrup müharibə əlilidir və Qarabağ qazisidir. O, dayısının qəyyumu olduğu üçün heç bir yerdə ona iş verilmir, dayısının təqaüdü ilə dolanır, onun özünə isə dayısına baxdığına görə 80 manat pul ödənilir. Onun həmin 80 manatdan başqa gəliri yoxdur, hazırda isə pensiya ödənişi dayanmışdır. Dayısının pensiyası düzələndən sonra o, hər ay hissə-hissə ödənişlər edəcəkdir. Hazırda o, məhkəmə tərəfindən ona vaxt verildikdən sonra 180 manat ödəniş etmişdir. Sonda o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclsında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, borclu tərəfindən ona məhkəmədə cəmi 180 manat pul ödənilmiş, 743 manat borcu qalmışdır. Artıq il yarımdır ki, o, borcun ödənilməsi ilə bağlı məhkəmələrdə qalmışdır. Şəxs qəsdən borcun ödənilməsini yubadır, onu süründürür. O, qalan borcun tam şəkildə ödənilməsini, əks təqdirdə Şəxs cəzalandırılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-266/22 saylı 23.08.22 tarixli icra sənədinə əsasən Şəxs 923 manat alınıb Zərərçəkmiş şəxs ödənilməsinə dair qərarın icrasından yayınmışdır. - xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1253 manatın və Gəncə Avtomobilservis və ticarət müəssisəsinə ödənilmiş 37.60 manatın alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X1 həmin Gəncə Şəhər Məhkəməsinin 2(125)- 266/22 saylı 23.08.22-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-266/22 saylı xx.xx.2022-ci il tarixli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - xx.xx.2022-ci il tarixlki inzibati məsuliyyətə cəlb olunma haqqında sonuncu xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-266/22 saylı xx.xx.2022-ci il tarixli məhkəmə qərarının icra etməməsi barədə sonuncu dəfə xəbərdar olunmuşdur. - xx.xx.2022-ci il tarixli 8(125)-674/2022 saylı qərardaddan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində veridiyi izahatdan görünür ki, o, maddi imkanı aşağı olduğunu, dayısının pensiyası ilə yaşadığını bildirmiş, qeyd etmişdir ki, hazırda onun dayısının pensiyası dayandırılmışdır. Dayısının pensiyası yenidən bərpa edildikdən sonra borcundan hissə-hissə ödəyəcəkdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki hallarından görünür ki, Şəxs bu günə qədər üzrsüz səbəbdən icra sənədindəki tələbi müəyyən olunmuş müddətdə icra etməmişdir. O, işləmədiyini və dayısına baxdığını əsas gətirərək borcunu ödəməmiş, lakin inzibati məsuliyyətə cəlb edildikdən sonra cəzalanmamaq üçün borcun bir qismini ödəmişdir. Bu isə onun qərəzli şəkildə uzun müddətdir borcu ödəmədiyini göstərir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi İ qrup müharibə əlili dayısının qəyyumu olmasını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar