Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4293/2024 18.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3, qərarından şikayət verilmiş orqanın nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X7 İdarəsinin 28 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X7 İdarəsinin rəisi X2 qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X6 həmin qərardan şikayət verərək bildirmişdir ki, Dövlət Miqrasiya Xidmətinin X7 İdarəsinin rəisi inspektor Elnurə Nəsirova tərəfindən onun barəsində qərəzlə yazdığı inzibati xəta haqqında MN ******* nömrəli protokola əsasən İXM-nin 571.1.1-ci maddəsində nəzərdə tutulan pozuntuya görə (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına) tənbeh etmişdir. “Tənbeh” sözü yüngül sözdür, əslində 400 manat cərimə və 10 gün müddətində 3 illik deportasiya tənbehi ilə varlığı talanmışdır. Çünki o, Belorusiya Respublikasında doğulduğundan oranın vətəndaşı olsa da, ata tərəfdən azərbaycanlıdır, özünü hər iki ölkəyə aid sayır, həyatı Gəncə şəhərində keçmiş, orta təhsilini bu şəhərdə almışdır. Məhz buna görə milliyətini “azərbaycanlı” kimi yazdırmışdır. Gəncə şəhərində yaşadığı müddətdə kimdənsə, ilk növbədə Dövlət Miqrasiya Xidmətindən gizlənməmişdir. Özü həmin idarəyə könüllü getmiş və buna baxmayaraq Elnurə Nəsirova onu gizlənən kimi qələmə vermişdir. Protokolda inzibati pozuntu kimi 2020-ci ildən Gəncə şəhərində yaşama hüququ olmadan yaşadığı göstərilir. Halbuki onun atası ermənistanlı olmuş, onun hansı millətə mənsub olmasına dair sənəd təqdim etmək tələb olunmuş və o, belə sənədi alıb təqdim etmişdir. Atasının soyadında 2 hərf çatışmamış, konkret olaraq “ı” hərfi olmamışdır. Bu da miqrasiya idarəsində ona qarşı şübhə yaratmışdır. Əslində isə çoxları bilir ki, ermənilərdə ya sait yoxdur, ya da ki, saiti sevmirlər. Elə olur ki, erməni sözlərində, o cümlədən ad və soyadlarında 4 samit dalbadal gəlir. Belə yazının oxunması və tələffüsü başqa millətlər üçün əngəl olur. Odur ki, doğum haqqında şəhadətnamədə atasının soyadını yazan şəxs məhz erməni olduğu üçün saitləri buraxmışdır. Lakin atasının azərbaycanlı olmasını təsdiq edən bir çox sənədlər var. Barəsində verilən inzibati tənbeh vermə haqqında qərarla, ələlxüsus 3 il deportasiya ilə razılaşmır. Ömrü boyu yaşadığı vətəndən məhrum edilməyi onu sarısıdar, qəlbini parçalayar və bir insan kimi məhv edə bilər. Hesab edir ki, ona qarşı şübhələr var, əks halda barəsində belə ağır cəza tətbiq etməzdilər. Məhkəmə iclasında çıxış edən şikayətçi X6 şikayət ərizəsində göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 noyabr 2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında X3 2012-ci il tarixdən Azərbaycan Respublikası gəlib-getdiyini, 2016-cı ildən isə həbs olunduğunu, 2020-ci ildən həbsdən azad olunduğunu bildirdi. Ruslan Xıdırov xarici vətəndaş olduğundan onlara təhvil verilmiş və həmin vaxtlar pandemiya olduğundan ölkə çıxışları bağlı olduğuna görə ölkədən çıxarılmamış, həmçinin atasının mənsubiyyəti ilə bağlı şifahi qaydada ona sənədlərini qaydasına salınması tövsiyə olunmuşdur. Odur ki, şəxs ölkə ərazisində sənədsiz yaşadığından onun barəsində qanuni əsaslarla inzibati protokol tərtib olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 07 oktyabr 2020-ci il tarixdən Gəncə şəhərində qanunsuz yaşamış və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilməklə 10 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması, Azərbaycan Respublikasına gəlmək hüququ 3 il müddətinə məhdudlaşdırılması və cərimə qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə cərimə məbləğinə dəbbə pulu hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizəanketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu Məcəllənin 21.2ci maddəsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən olundu ki, Azərbaycan Respublikasında 04 ildən artıq müvəqqəti olan Belarus Respublikasının vətəndaşı X1 Məcəlləsinin tələblərinə uyğun olaraq olduğu yer üzrə qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməmişdir. Belə olduğu halda Belarus Respublikasının vətəndaşı X3 Azərbaycan Respublikasında qeydiyyatsız yaşaması, bununla da onun tərəfindən İXM-nin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi birbaşa təsdiq edilir. Azərbaycan Respublikası İXM-nin 575.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Dövlət Miqrasiya Xidmətinin X7 İdarəsinin rəisi X2 qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın qəbul edilməsi ilə nəticələnən inzibati araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halları müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən Belarus Respublikasının vətəndaşı X3 Dövlət Miqrasiya Xidmətinin X7 İdarəsinin MN seriyalı ******* nömrəli, 28 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Belarus Respublikasının vətəndaşı X3 Dövlət Miqrasiya Xidmətinin X7 İdarəsinin MN seriyalı ******* nömrəli, 28 noyabr 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4293/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4293/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver