Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4294/2024 18.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus VAZ 21214 minik markalı **- DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-ci ildə, saat 23:45 radələrində idarə edərkən Gəncə şəhər DYPŞ-nin tağım komandiri X7 tərəfindən saxlanılmışdır. Saxlanılma səbəbi kimi avtomobildə səs siqnalının olması bildirilmişdir. Bundan sonra Gəncə şəhər DYPŞ-nin tağım komandiri X7 avtomobildə səs siqnalının olmasına görə avtomobilin dayanacağa yerləşdirilməsi əmrini Gəncə şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru polis serjantı X3 tapşırmış və ona məxsus olan VAZ 21214 minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Gəncə şəhər DYPŞ-nin müvəqqəti mühafizə duracağına aparılmışdır. Mütəxəssis rəyinə əsasən VAZ 21214 minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq, yəni (Fİ-FA) siqnalı, onunla yanaşı avtomobilin konstruksiyalarında, yaylarında, qabaq və arxa yaylarında və rezinlərdə hər hansı konstruksiya dəyişikliyi olması müəyyən edilməmişdir. Bu barədə Gəncə şəhər DYPŞ-nin tağım komandiri X6 etirazını bildirsədə o, buna məhəl qoymamış və ona məxsus VAZ 21214 minik markalı **- DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Gəncə şəhər DYPŞ-nin müvəqqəti mühafizə duracağından hələ də saxlamışdır. Ona görə də Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, bildirdi ki, onun avtomobilində konstruksiya dəyişikliyi olmamışdır. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Bununla bağlı mütəxəssis rəyini də məhkəməyə təqdim edir. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə VAZ 21214 minik markalı **-DY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Gəncə şəhəri ərazisində idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitələrinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 329.3-cü, 342.2.3-cü və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs X4 İXM-nin 329.3-cü, 342.2.3-cü və 342.5-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 055 nömrəli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhər X11 İdarəsinin saxlancında olan VAZ 21214 minik markalı **-DY- *** dövlət qeydiyyat nişanlı, mühərrik 0738859, ban: XTA212140G2248256, ağ rəngli avtomobilə 12 dekabr 2024-cü il tarixdə baxış keçirilmiş və avtomobilin konstruksiyalarında, yaylarında, qabaq və arxa yaylarında və rezinlərində hər hansısa konstruksiya dəyişikliyi olması müəyyən edilməmişdir. Avtomobildə hər-hansısa İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qüsur aşkarlanmamışdır. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi qeyd olunsa da, məhkəmə iclasında qeyd edilən inzibati xətanın törədilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublkası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü və 342.5-ci maddələrində göstərilir ki: Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir; Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Həmin maddələrin mənasından aydın olur ki, İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi və İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı ilə bağlıdır. Lakin məhkəmə iclasında müəyyən olundu ki, həmin avtomobilə verilmiş mütəxəssis rəyinə əsasən avtomobilin konstruksiyalarında, yaylarında, qabaq və arxa yaylarında və rezinlərində hər hansısa konstruksiya dəyişikliyi olması müəyyən edilməmiş və avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, bu halda X2 əməlində İXM-nin 342.2.3-cü və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi üçün əsas olan hallara rast gəlinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində qeyd edilən maddələr üzrə inzibati xəta tərkibi olmadığından onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X2 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X4 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-4294/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4294/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver