Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4297/2025 20.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Kəlbəcər rayonunun Abdullauşağı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş verilmişdir. Şəxs hazırda 2246 manat borcu mövcuddur. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş verilmişdir. İnzibati xəta haqqında protokol məhkəməyə daxil olana qədər borcdan 400 manat, daxil olduqdan sonra məhkəmə iclasları dövründə isə 250 manat ödəniş edilmişdir. Hazırda onun 1996 manat borcu qalmışdır. “Elektron İcra” informasiya sistemində borclunun əmlak və gəlir məlumatları yoxlanılmış, onun iş yeri və ya hər hansı rəsmi gəliri, həmçinin adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Borclu barəsində axtarış qərarı verilmişdir. Protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, işsiz və xəstə olduğundan icra sənədi üzrə tam ödəniş edə bilməmişdir. Həmçinin kirayə evdə yaşayır. Məhkəmə iclasları dövründə borcdan 250 manat ödəniş etmişdir. İcra sənədi üzrə hər ay 50-100 manat ödənişlər etməyə hazırdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan: - Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-54/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 2600 (iki min altı yüz) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumunun pul əvəzi, cəmi 2646 AZN (iki min altı yüz qırx altı manat) məbləğdə pul vəsaiti tutulmalıdır. - “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 (on) gün müddətində vaxt verilmiş, həmin bildiriş borclu Şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. - Tələbkar İdarəyə ərizə ilə müraciət edərək göstərdi ki, Şəxs icra sənədi üzrə cəmi 250 manat pul ödəmişdir. Pul vəsaitinin tam olaraq ödənilməsi üçün tədbir görülməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmiş, axtarış qərarının icrası Kəlbəcər RPŞ-nə həvalə edilmişdir. - Borclu Şəxs icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, hər ay 50 manat ödəyə bilir, bir xeyli müddət ödəniş etmişdir. 2246 manata yaxın borcu qalmışdır. Maddi imkanı çox zəifdir, işləmir, evi yoxdur, kirayədə qalır. - Borclu Şəxs məhkəməyə verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, icra sənədi üzrə hazırda 100 manat ödəniş edir, xx.xx.2025-ci il tarixdə 150 manat ödəniş edəcəyinə söz verir, bu səbəbdən hazırkı məhkəmə iclasının təxirə salınmasını xahiş edir, ödəməyəcəyi təqdirdə məsuliyyəti ona izah olunmuşdur. - İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu tərəfindən tələbkara xx.xx.2025-ci il tarixdə 100 manat və xx.xx.2025-ci il tarixdə 150 manat ödəniş edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-54/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və bugünədək Şəxs tərəfindən borcundan ödənişlər edilmiş və o, geri qalan məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Borclu tərəfindən hər ay tam şəkildə olmasa da, mütəmadi ödənişlər edilmiş, həmçinin borclu xx.xx.2025-ci il tarixdə 100 manat və xx.xx.2025-ci il tarixdə 150 manat ödəniş edərək, məhkəmə iclasında verdiyi ifadəsində borcunu hər ay hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs tərəfindən mütəmadi ödənişlər edilir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Beləliklə, məhkəmə borclu Şəxs yaranmış borcdan müəyyən ödənişlər etməsini və qalıq qalan borcu tələbkar tərəflə razılıq əldə edərək yaxın zaman ərzində edəcəyinə dair vədi barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. İşin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-4297/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4297/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver