Məhkəmə qərarları › İş №3(125)-4302/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4302/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4302/2025 27.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Səlahiyyətli orqanın nümayəndəsi İX X10 Xidmətinin inspektoru, polis baş serjantı Nümayəndə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, İX X10 Xidmətinin baş inspektoru, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İX X10 Xidmətinin baş inspektoru, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X6 şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 11 oktyabr 2025-ci il tarixdə saat təxminən 16:38 radələrində Gəncə-Qazax avtomobil yolu üzərində, Şəmkir yol polis postunda polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində İXP ******* nömrəli inzıbati protokol tərtib edilmişdir. Protokolda onun guya spirtli içki qəbul etmiş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi göstərilmişdir. Lakin bu məlumat tam əsassızdır və faktiki hallara uyğun gəlmir. Hadisə zamanı yol patrul xidməti əməkdaşı ona hədə-qorxu gələrək bildirmişdir ki, əgər protokolda “içkili vəziyyətdə idarə etmə” maddəsi ilə razılaşmasa və həkim müayinəsinə getməkdə israr etsə, müayinədən sonra içkili olduğu müəyyənləşərsə, onu sürücülük hüququndan məhrum etdirəcək. Bu təhdid nəticəsində qorxmuş və onunla razılaşmağa məcbur olmuşdur. Bir müddət sonra hadisə yerinə Şahid gəlmiş və onun vəziyyətini görərək tələb etmişdir ki, o, tibbi müayinəyə aparılsın. Lakin həmin polis əməkdaşı bu tələblə razılaşmamış, “həkimə bayaqdan gedərdiniz, indi mən getmirəm, getmək istəyirsinizsə, özünüz gedin” deyərək onu müayinəyə aparmaqdan imtina etmişdir. Sonradan mən eyni gün - xx.xx.2025-ci il tarixdə, saat 19:46-da Gəncə şəhər Narkoloji Dispanserinə müraciət edərək öz təşəbbüsü ilə tibbi müayinədən keçmişdir. Müayinə nəticəsində qanında alkoqol miqdarı 0.00596 olmuş, yəni içkili vəziyyətdə olmadığı tibbi sənədlə təsdiq edilmişdir. Bu barədə 3522/2025 nömrəli, xx.xx.2025-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” tərtib edilmiş, Dispanserin həkimi tərəfindən imzalanmış və rəsmi möhürlə təsdiqlənmişdir. Hadisə zamanı və sonrakı prosesləri şahid kimi Şahid müşahidə etmiş və təsdiq edir ki, o, içkili vəziyyətdə olmamış, lakin polis əməkdaşı tərəfindən müayinəyə aparılmaqdan imtina olunmuşdur. Sonradan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən onun barəsində TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş və ona 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş X6 izahatında ərizəni müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə icarə əsasında idarə etdiyi avtomoillə Gəncə-Qazax avtomobil yolu üzərində, Şəmkir yol polis postunda polis əməkdaşı tərəfindən 16 radələrində saxlanılmış, polis əməkdaşı “alkotester”in başlığını dəyişmədən onun üfləməsini bildirmiş, üfləyəndən sonra polis əməkdaşı onda olan alkoqolun miqdarının 0,3 promil olmasını demiş, o isə cavabında içkili olmadığını, bir gün qabaq pivə içdiyini bildirmişdir. Bundan sonra barəsində protokol tərtib olunmuşdur. O, polis əməkdaşına onu həkimə aparmasını bildirmiş, lakin həkimə aparılmamışdır. Bu hadisədən 1-2 saat sonra özü həkimə müraciət etmiş, həkim onun ayıq olduğuna dair rəy vermişdir. Hadisə zamanı 2 dəfə “DİN”in “102” xidmətinə zəng etmişdir. İzahatını özü yazdığını təsdiq edir. Sonda xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Lakin məhkəmə iclasında təqdim olunmuş “DVD” diskdə olan videogörüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən dəfələrlə X4 həkim müayinəsinə getməsi təklif olunsa da, X6 buna ehtiyac olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi İX X10 Xidmətinin inspektoru, polis baş serjantı Nümayəndə izahatında bildirdi ki, sürücü X1 postda yoxlama nəzarəti qaydasında saxlanılmış, onun müvafiq lisenziya və fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olması aşkarlanmış, nəfəsindən qoxu gəldiyi üçün “alkotester” vasitəsilə yoxlanılmış, onda alkoqolun miqdarı 0,3 promil müəyyən edilmişdir. X2 deməsinə görə hadisədən bir gün qabaq bir-iki bakal pivə içmişdir. X4 dəfələrlə həkim müayinəsinə getməsi təklif edilsə də, o, spirtli içkilər qəbul etdiyini və buna ehtiyac olmadığını bildirmişdir. X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatla, həmçinin videogörüntülərlə qeyd etdikləri tamamilə təsdiq olunur. Sonda qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən Şahid ifadəsində bildirdi ki, sözügedən avtomobil ona məxsusdur, həmin avtomobili idarə edilməsi üçün X4 vermişdir. Hadisə günü X6 ona zəng edərək içkili olduğundan polis əməkdaşı tərəfindən saxlanıldığını bildirmişdir. O, 1 saat sonra hadisə yerinə getmiş, X6 ona bir gün qabaq içki qəbul etdiyini demiş, ondan həkimə getməməsinin səbəbini soruşduqda yol polisi əməkdaşının həkimə gedəcəyi təqdirdə onu sürücülük hüququnun məhdudlaşdırılması ilə hədələdiyini bildimişdir. Avtomobil ona məxsus olduğundan avtomobilini tələb etmişdir. Bundan sonra, yəni hadisədən təxminən 2 saat sonra müayinə üçün Narkoloji Dispanserə getmişlər, müayinədə alkoqolun dərəcəsi 0 promil çıxmış, X2 ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - İX X10 Xidmətinin inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli əsasında inzibati xəta haqqında protokol əsasında İX X10 Xidmətinin baş inspektoru, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 16:38-də M 2, E 60, AH 5 Bakı-Ələt-Qazax- Gürcüstan yolunun 380 kilometrliyində “Lada Granta” minik markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. -Qərara əlavə edilmiş X6 tərəfindən verilmiş izahatda qeyd edilmişdir ki, 11 oktyabr 2025-ci il tarixdə saat 16:30 radələrində “Lada Granta” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı-Qazax yolunun 380 kilometrliyində yol polisi tərəfindən saxlanılmışdır. Yol polisi ona yaxınlaşıb “hərbi salam” verərək maşınının sənədlərini tələb etmişdir. Sənədləri yoxlanılmış, spirtli içki qəbul edib-etməməsini yoxlamaq üçün o stasionar posta dəvət olunmuş və alkotester vasitəsi ilə nəfəsini üfürmə yolu ilə test olunmuşdur. Testin göstəricilərində 0,3 promil alkoqol miqdarı göstərdi. Özü də səmimi olaraq bildirir ki, 1,5 litr yarım spirtli pivə içmişdir. Alkotesterin göstəricisi ilə razıdır, həkim müayinəsindən keçməyə ehtiyac yoxdur. -Qərara əlavə edilmiş xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Şahid bildirmişdir ki, BC dərəcəli, AC658563 saylı sürücülük vəsiqəsi var. Bu iltizamı ondan ötəri vermişdir ki, X2 idarə etdiyi “Lada Granta” markalı, **-FC-*** dövlət nömrə nişanlı avtomobili onun yaşadığı ünvana qədər sürüb aparacağına söz verir, yolda baş verəcək hər hansı hadisəyə görə məsuliyyət daşıyır. -İN 642180 nömrəli, xx.xx.2025-cü il tarixli qəbzdən görünür ki, X3 alkoqolun miqdarı 0,3 % olması müəyyən edilmişdir. -“Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “Lada Granta” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 öz hərəkəti ilə duracağa yerləşdirilmişdir. -“Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 3522/2025 nömrəli, xx.xx.2025-ci il tarixli aktda göstərilir ki, xx.xx.2025-ci il tarixdə, 19:46 radələrində aparılmış müayinə zamanı X2 ayıq olduğu müəyyən edilmişdir. X6 müayinə aktı ilə tanış olmuş və imza etmişdir. -İş materiallarına X4 məxsus xx.xx.2025-ci il tarixdən xx.xx.2035-ci il tarixədək etibarlı olan BC seriyalı, 158218 nömrəli, “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi əlavə edilmişdir. -İş materiallarında olan “DVD” diskdən görünür ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 16:48-də idarə etdiyi “Lada Granta” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis əməkdaşı tərəfindən saxlanılmış, bir gün əvvəl saat 18-19 radələrində 1,5 litr pivə qəbul etdiyini, avtomobildə tək özünün olduğunu, hazırda avtomobilində malların olduğunu, özünün taksi fəaliyyəti ilə məşğul olduğunu, həmçinin təqsirin özündə olduğunu bildirmiş, daha sonra avtomobil duracağa yerləşdirilmişdir. Daha sonra “alkotester” vasitəsilə X2 nəfəsinin yoxlanılması yolu ilə onda 0,3 promil alkoqol aşkar edilmiş, həkimə getməsi təklif edilmiş, X6 isə buna ehtiyac olmadığını bildirmiş, X4 “alkotester”dən əldə edilmiş qəbz təqdim edilmiş, daha sonra X6 tərəfindən qərara əlavə edilmiş izahat yazılmış və imza edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlət Kabinetinin 27 iyun 2014-cü il tarixli, № 209 saylı qərarının 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X6 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş sənədlərə məhkəmə iclasında baxış keçirilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 16:38 radələrində “Lada Granta” minik markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Belə ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 16:38 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş müayinə zamanı alkoqolun miqdarının 0,3 % olması müəyyən edilmişdir. Həmçinin qərara əlavə edilmiş izahatda X6 qeyd etmişdir ki, spirtli içki qəbul etməsini etiraf edir. Testin nəticəsi ilə razıdır və etirazı yoxdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 tərəfindən təqdim edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 3522/2025 nömrəli, xx.xx.2025-ci il tarixli akta münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, sərxoşluq faktı xx.xx.2025-ci il tarixdə, saat 16:38 radələrində yerində aşkar edilərkən alkoqolun miqdarının 0,3 % olması müəyyən edilmiş, X6 isə xx.xx.2025-ci il tarixdə, 19:46 radələrində tibbi müayinədən keçmişdir ki, aradakı saat fərqinə, yəni 3 saat ərzində təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına və sərxoşluq vəziyyətinin aradan qalxmasına yetərli hesab oluna bilər. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokol və məhkəməyə təqdim edilmiş bir ədəd disklə təsdiq olunmuşdur. Bununla da məhkəmə iclasında iş materiallarının qarşılıqlı tədqiqi zamanı X2 xx.xx.2025-ci il tarixdə, saat 16:38 radələrində “Lada Granta” minik markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etməsi öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, X6 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi hadisənin görüntülərini əks etdirən “DVD” diskdə olan videogörüntü ilə tam təsdiq olunur. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında X6 həmin izahatda qeyd etdiklərinin əksini təsdiq edəcək hər hansı sübut təqdim etmədiyindən məhkəmə onun hazırki ifadəsini səmimi qəbul etmir. Məhkəmə həmçinin şahid qismində inzibati xəta haqqında materiala baxılmasına cəlb edilmiş Şahid ifadəsinə tənqidi yanaşır, bu dəlilləri X6 tərəfindən inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün özünü müdafiə kimi qiymətləndirir. Həmçinin məhkəmə iclasında videodiskə baxış keçirilən zaman X6 təqdim olunan görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. Həmin videogörüntüdən məlum olur ki, X6 bir gün əvvəl saat 18-19 radələrində 1,5 litr pivə qəbul etdiyini bildirmiş, daha sonra “alkotester” vasitəsilə X2 nəfəsinin yoxlanılması yolu ilə onda 0,3 promil alkoqol aşkar edilmiş, ona həkimə getməsi təklif edilmiş, X6 isə buna ehtiyac olmadığını bildirmiş, daha sonra X4 “alkotester”dən əldə edilmiş qəbz təqdim edilmiş və onun tərəfindən qərara əlavə edilmiş izahat yazılmış və ona imza edilmişdir. X6 videogörüntüyə baxış keçirilməzdən əvvəl polis əməkdaşına dəfələrlə müraciət etdiyini lakin, həkimə aparılmadığını bildirsə də, baxış keçirildikdən sonra polis əməkdaşının həkim müayinəsinə getmə barədə təklifinə cavab olaraq buna ehtiyac olmadığını bildirdiyini etiraf etmişdir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X5 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində İX X10 Xidmətinin baş inspektoru, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. İX X10 Xidmətinin baş inspektoru, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar