Məhkəmə qərarları › İş №3(125)-431/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-431/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-431/2022 26.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Göygöl rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, ev 15-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər prokurorluğundan inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək, məhkəməyə verdiyi izahatında bildirdi ki, o, X3 təxminən 10 ildir ki, tanıyır. Nailin həyat yoldaşı X5 ilə DSMF-nin Gəncə-Daşkəsən regional filialında işləmişlər. Sevinci təxminən 4 ay bundan qabaq ona məlum olmayan səbəbdən işdən çıxarmışlar. Bundan sonra Sevinc ondan kinli qalmış və müxtəlif yalan məlumatlarla ona böhtan atmağa başlamışdır. Sevincin yaydığı yalan məlumatlara görə artıq onu da işdən çıxarmaq istəyirlər. Buna görə də o, 24 iyun 2022-ci il tarixdə rəfiqəsi Şahid ilə birlikdə "xxxx" ASC-nin X18 Təchizatı və Satışı İdarəsində işləyən Sevincin həyat yoldaşı X2 iş yerinə getmişdir. O, rəfiqəsi Nərmin ilə birlikdə Nailin otağına daxil olmuş, Nailə arvadı Sevincə sahib çıxmasını və onun barəsində yalan məlumatlar yaymamasını bildirmişdir. Bundan sonra Sevincin onun barəsində yalan məlumatlar yayması ilə bağlı faktları (şəkilləri) göstərən zaman Nail əsəbləşərək onun saçından dartmış, daha sonra qolundan bərk tutaraq sıxmış və otaqdan bayıra atmışdır. Həmin vaxt o, heç bir səs-küy salmamış və bundan sonra sadəcə DİN-nin 102 zəng xidmətinə zəng vuraraq şikayət etmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Göygöl rayon Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, Şəxs X2 iş yerinə getməkdə heç bir qərəzi olmamış, sadəcə onun arvadının etdiyi hərəkətləri ilə bağlı X4 məlumat vermək üçün getmişdir. Şəxs orada heç bir səs-küy salmamışdır. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və onun inzibati məsuliyyətdən azad olunmasını xahiş edir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, Aygünü təxminən 10 ildir ki, tanıyır. Şəxs ilə həyat yoldaşı X5 DSMF-nin Gəncə-Daşkəsən regional filialında işləmişlər və onun həyat yoldaşı Sevinc ilə Aygünün arasında əvvəllər ədavət olmamışdır. 24 iyun 2022-ci il tarixdə saat 17:30 radələrində iş otağında olan zaman 2 nəfər qadın qapını döymədən səs-küy salaraq içəri daxil olmuş, daxil olan qadınlardan birinin Aygün olduğunu bilmiş, digər qadını isə tanımamışdır. Aygün əlində olan şəkilləri onun üzərinə ataraq, onun həyat yoldaşının onu işdən çıxartdırmağa görə həmin şəkilləri işlədikləri quruma göndərdiyini bildirərək, yüksək səslə onu və ailəsini nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, Sevincin Aygünə qarşı belə bir hərəkət etmədiyini və Sevincin özünün işdən çıxarıldığını bildirərək onu sakitləşdirməyə çalışmasına baxmayaraq Aygün yenidən yüksək səslə nalayiq ifadələr işlədərək onun və ailəsinin şərəf və ləyaqətini alçaltmış, onun işgüzar nüfuzuna xələl gətirmişdir. O, qadınlara otağı tərk etmələrini bildirsə də əksinə Aygün onun üzərinə gələrək əli ilə onu vurmağa çalışmış, o da özünü zərbələrdən qorumaq üçün sadəcə Aygünün qolundan tutmuşdur. Bu zaman idarənin digər əməkdaşları da onun iş otağına daxil olmuş, onları sakitləşdirməyə çalışmışlar. Həmin sözügedən mübahisə ümumilikdə təxminən 30 dəqiqəyə yaxın davam etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, X6 ilə birlikdə "xxxx" ASC-nin X18 Təchizatı və Satışı İdarəsində işləyir. 24 iyun 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində o və iş yoldaşı otaqdan çıxan zaman adı sonradan ona məlum olan Aygün və Nərmin xanımı görmüşlər. Onlar Nail müəllimin otağının harada olduğunu Vidadi müəllimdən soruşmuş və o da onun hansı otaqda olduğunu demişdir. Xanımlar otağa girdikdən sonra təxminən bir dəqiqə ərzində otaqdan səs-küy gəlməyə başladı. Bu zaman Vidadi müəllim otağa girmişdir. Həmin mübahisə otaqda təxminən 3 dəqiqə çəkdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, o, X6 ilə birlikdə "xxxx" ASC-nin X18 Təchizatı və Satışı İdarəsində işləyir. 24 iyun 2022-ci il tarixdə iş vaxtının sonlarına yaxın idi və o öz xidməti otağında olan zaman səs-küy gəldiyini eşitmiş və otaqdan çıxdıqda Nail müəllimin otağının qarşısında Aygün xanımın Naili və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr söyləyərək dəhlizdə etdiyi hərəkətləri görmüşdür. O, Nailə “sənin başına oyun açacam”, “bu adamın yoldaşı mənə ziyanlıq verib mən də ona verəcəm” kimi ifadələr işlədirdi. Onun otaqda nə baş verdiyindən xəbəri olmamış, dəhlizdəki mübahisə isə təxminən 15 dəqiqə davam etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, X6 ilə birlikdə "xxxx" ASC-nin X18 Təchizatı və Satışı İdarəsində işləyir. 24 iyun 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində öz xidməti otağında işləyən vaxt səs-küy gəldiyini eşidib otaqdan çıxan zaman xanımların Nailin otağından çıxdıqlarını görmüşdür. Aygün xanım çox əsəbi idi. Onun Nailin otağında baş verən hadisədən məlumatı olmamışdır, yalnız dəhlizdəki səs-küyüdən məlumatlı olduğunu və həmin hadisənin təxminən 10-15 dəqiqə davam etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, o, X6 ilə birlikdə "xxxx" ASC-nin X18 Təchizatı və Satışı İdarəsində işləyir. 24 iyun 2022-ci il tarixdə təxminən saat 17:30 radələrində birinci mərtəbədə iş otağında olan zaman dəhlizdəki səsküyü eşitdiyi, həm də həmkarları tərəfindən dəvət edildiyi üçün inzibati binanın 3-cü mərtəbəsinə qalxmış və xanımların dəhlizdə səs-küy saldığını görmüşdür. Aygün xanımın idarəyə aid olmayan söz-söhbətlə bağlı idarədə səs-küy salaraq iş ahəngini və nizam-intizamı pozduğunu bildirmişdir. Dəhlizdəki hadisə isə təxminən 10-15 dəqiqə davam etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X13 digər həmkarları ilə eyni məzmunlu ifadə vermişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, 24 iyun 2022-ci il tarixdə o, rəfiqəsi Şəxs ilə birlikdə Şəxs keçmiş iş yoldaşı X1 həyat yoldaşı olan Nailin yanına, yəni "xxxx" ASC-nin X18 Təchizatı və Satışı İdarəsinə getmişlər. X16 iş otağında Nailə Sevincin onun barəsində yaydığı yalan məlumatlara görə onu işdən çıxarmaq istədiklərini bildirmiş, bununla bağlı faktları göstərən zaman Nail əsəbləşərək Aygünün saçından dartmış, qolundan bərk tutaraq sıxmış və otaqdan bayıra atmışdır. Nail Aygünü otaqdan bayıra atan zaman səs-küy olmuşdur. Dəhlizdə onlar təxminən 5-10 dəqiqə qalmışdırlar. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, 24 iyun 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində dəhlizdə olduğu zaman iki xanım ona yaxınlaşıb Nailin otağını soruşmuş, o da Nailin otağını onlara göstərmişdir. O, sonra öz otağına keçmiş, Nailin otağı ilə onun otağı yan-yana olduğundan, qadınların Nailin otağına daxil olmasından təxminən 15-20 saniyə sonra Nailin otağından gələn güclü səs-küyü eşidib onun otağına getmişdir. Otağa daxil olduqda Nailin stolun arxasında yarı oturaq vəziyyətdə durduğunun və Aygün xanımın yüksək səslə Nailin ünvanına nalayiq ifadələr işlətməklə onunla mübahisə etdiyinin şahidi olmuşdur. Həmin vaxtı o, xanımlara sakitləşmələrini və idarədə belə hərəkətlərə yol verməməsini bildirmişdir. Bundan sonra onları sakitləşdirmək üçün idarənin hüquqşünas xanımını çağırmışlar. Onlar otaqdan çıxdıqdan sonra dəhlizdə də səs-küy təxminən 10-15 dəqiqə davam etmişdir. Gəncə şəhər prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Gəncə şəhər prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xəta üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə onun məhkəməyədək icraat, eləcə də məhkəmə iclasında göstərmiş olduğu xüsusatlara tənqidi yanaşır və hesab edir ki, sonuncunun məqsədi bilavasitə inzibati məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıdığı üçün onun törətmiş olduğu inzibati xəta məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq edilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə olan halda məhkəmə, işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Beləliklə, Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş materiallar, şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Şəxs "xxxx" ASC-nin X18 Təchizatı və Satışı İdarəsinin inzibati binasına gedərək, başqa şəxslərin dincliyini pozaraq ucadan səs-küy salaraq və nalayiq ifadələr işlətməklə X6 ilə mübahisə etmiş, bununla İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini (qadın olmasını), ilk dəfə inzibati xəta hadisəsi törətməsini nəzərə alıb inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar