Məhkəmə qərarları › İş №3(125)-432/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-432/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-432/2022 23.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X2 və onun müdafiəçisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 16 avqust 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, "xxxx" ASC-nin X13 Təchizatı və Satışı İdarəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 24 iyun 2022-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri İşıq İdarəsində iş otağında olarkən X4 döyərək ona xəsarət yetirmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Aygünü təxminən 10 ildir ki, tanıyır. X7 ilə həyat yoldaşı X1 birlikdə DSMF Gəncə-Daşkəsən regional filialında işləmişlər. 24 iyun 2022-ci il tarixdə saat 17:30 radələrində iş saatında iş otağında olan zaman 2 nəfər qadın qapını döymədən səsküy salaraq içəri daxil olmuş, daxil olan qadınlardan birinin Aygün olduğunu tanımış, digər qadını isə tanımamışdır. Aygün və yanındakı digər qadın yüksək səslə onu və ailəsini təhqir etməyə başlamışdır. Aygündən nə istədiyini soruşduqda həyat yoldaşı Sevincin şikayət edərək onu işdən çıxarmağa çalışdığını bildirmişdir. O, Aygünə sakitləşməsini bildirmiş, Sevincin elə bir şey etmədiyini, onun sadəcə özü ilə bağlı işdən çıxarıldığını bildirmişdir. Buna baxmayaraq Aygün və yanındakı qadın yüksək səslə nalayiq ifadələr işlədərək onun və ailəsinin şərəf və ləyaqətini alçaltmışdır. O, otağı tərk etmələrini bildirsə də əksinə Aygün onun üzərinə gələrək əli ilə vurmağa çalışmış, o da özünü zərbələrdən qorumaq üçün sadəcə Aygünün qolundan tutmuşdur. Bu zaman idarənin digər əməkdaşları da onun iş otağına daxil olmuş, onları sakitləşdirməyə çalışmışlar. Bu baxımdan, o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini bildirdi. Onun əməlində inzibati xəta əlamətləri olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, o, Şəxs təxminən 10 ildir ki, tanıyır. Nailin həyat yoldaşı X1 ilə eyni yerdə işləmişlər. Sevinci təxminən 4 ay bundan qabaq bilmədiyi bir səbəbdən işdən çıxarmışlar. Bundan sonra Sevinc ondan kinli qalmış və müxtəlif yalan məlumatlarla ona böhtan atmağa başlamışdır. Sevincin yaydığı yalan məlumatlara görə artıq onu da işdən çıxarmaq istəyirlər. Buna görə də o, 24 iyun 2022-ci il tarixdə Sevincin həyat yoldaşı Nailin yanına, yəni Gəncə İşıq İdarəsinə getmiş, bu zaman yanında rəfiqəsi X6 da olmuşdur. O, rəfiqəsi Nərmin ilə birlikdə Nailin otağına daxil olmuş, Nailə arvadı Sevincə sahib çıxmasını və onun barəsində yalan məlumatlar yaymamasını bildirmişdir. Bundan sonra Sevincin onun barəsində yalan məlumatlar yayması ilə bağlı faktları göstərən zaman Nail əsəbləşmiş və saçından dartmış, daha sonra qolundan bərk tutaraq sıxmış, otaqdan bayıra atmışdır. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 vəkili X8 bildirdi ki, iş materiallarına əsasən əməldə inzibati xətanın tərkib əlamətləri mövcuddur. Bundan əlavə, zərərçəkmiş şəxsin bədənindəki xəsarətlərin dərəcəsi və yetirilmə vaxtı mötəbər sübut hesab edilən ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Ona görə də, barəsində icraat aparılan şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Gəncə şəhər Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Gəncə şəhər Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 12 avqust 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün qərarın surəti prokurora təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 19 avqust 2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X5”nin 24 iyun 2022-ci il tarixli 1052 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ said, boyun nahiyələrinin qançırları, sağ bazu nahiyəsinin sıyrığı-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 24 may 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar