Məhkəmə qərarları › İş №3(125)-432/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-432/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-432/2025 31.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda omaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1994 -cü il Gəncə şəhərində anadan olmuş, ARnın vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-3037/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə vəkilə ödənilmiş xərcin əvəzi kimi 500 (beş yüz) manat olmaqla, cəmi 4000 (dörd min) manat məbləğində pul vəsaiti və 60 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, müxtəlif tarixlərdə xəbərdarlıqlar verilmiş və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə inzibati məsuliyyətə cəlb olunması barədə izahatı alınmış, eyni zamanda qanun tələbləri izah edilmişdir, lakin borclu izahatında məhkəmə qərarı üzrə olan tələbi tam təmin edə bilməyəcəyini bildirmişdir. Bu günə 4000 (dörd min) manat aliment borcu var. Eyni zamanda, borclu Şəxs məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlir aşkar edilməmişdir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş lakin Şəxs borcunu tam ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Dekabr ayında 150 (yüz əlli) manat ödəniş etmişdir. Protokolu müdafiə edərək qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, borcunu inkar etmir. Noyabr ayının sonunda tələbin könüllü icrası barədə bildirişi almış, dekabr ayında borcundan 150 (yüz əlli) manat ödəniş etmiş və ödəniş çekini məhkəməyə təqdim etmişdir. Onun borcunu tam şəkildə ödəməyə hal-hazırda imkanı yoxdur. Lakin iki gün sonra yenə 200 manat ödəniş edəcəkdir. Bu halın nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Gəncə Şəhər Məhkəməsinin 2(125)-3037/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə vəkilə ödənilmiş xərcin əvəzi kimi 500 (beş yüz) manat olmaqla, cəmi 4000 (dörd min) manat məbləğində pul vəsaiti və 60 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. -xx.xx.2024-cü il tarixli icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2024-cü il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən xx.xx.2024-cü il tarixdə imza atılmaqla götürülmüşdür. -09 dekabr 2024-cü il tarixli 51597 nömrəli ödəniş qəbzdən görünür ki, zərərçəkmiş şəxsə dekabr ayında 150 (yüz əlli) manat ödəniş edilmişdir. - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqların sürətindən görünür ki, Şəxs borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, ödəmədiyi təqdirdə 500 manatdan 1000 manatadək cərimə və 30 gün müddətinədək həbs olunacağı bildirilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildirişi oktyabr ayında almış, borcundan 150 (yüz əlli) manat ödəniş etmiş. Qalan borcunu hər ay hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Lakin bütün bu hallara baxmayaraq icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olubolmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs borcunda ödəniş etmiş və qalan borcunu da ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxsnın əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar