Məhkəmə qərarları › İş №3(125)-4321/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4321/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4321/2025 13.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X4, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə işsiz, orta təhsilli, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Tərtər rayonu, Bəyimsarov kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbi könüllü icra etməsi barədə bildiriş təqdim edilməsinə və inzibati məsuliyyətə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir və çağırışlara gəlmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da, borclu Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Şəxs aliment borcu 560 manat təşkil edir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borclu axtarışa verildiyini bildikdən sonra dünənki tarixdə aliment sənədi üzrə borcundan 500 manat ödəniş etmiş, bundan sonra inzibati xəta haqqında protokol tərtib olunan zaman borclunun icra sənədi üzrə 560 manat aliment borcu mövcud olmuşdur. Bu isə onun məqsədinin sadəcə ödəniş etməsinə dair təəssürat yaratmaq olduğunu təsdiq edir. Bundan başqa, bu gün, yəni xx.xx.2025-ci il tarixdə, inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra o, 180 manat ödəniş etmiş, onun cəmi aliment borcu noyabr ayının aliment ödənişi daxil edilmədən 380 manat təşkil etmişdir. İcra məmuru ona verilən suallara cavab olaraq bildirdi ki, tərəflər arasında barışığa cəhd eləsələr də, zərərçəkmiş şəxs aliment borcunu bütövlükdə tələb edir. Borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırır. Həmçinin borclu tərəfindən son iki aydır ki, yəni oktyabr ayında 300 manat və noyabr ayında 500 manat olmaqla ödənişlər olunsa da, borclu tərəfindən mütəmadi ödənişlər edilmədiyindən barəsində protokol tərtib olunmuşdur. Borclu noyabr ayında 400 manat ödəniş etməsinə dair qəbzi ona göndərmədiyindən bu barədə məlumatı yoxdur. Odur ki, protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, iş yerindən əməkhaqqını ala bilmədiyindən, həmçinin 3 ay müddətində işsiz olduğundan vaxtında ödənişlər edə bilməmişdir. Belə ki, işi ilə əlaqədar icra məmurunun çağırışlarına gələ bilmir. İcra orqanında verdiyi izahatında qeyd etdiyi kimi hər ay yığılmış aliment borcu ilə birlikdə hər ayın 1-dən 5-nə 404 manat aliment ödənişi etməyə hazırdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, son 3 ayda 400 manat, 300 manat və 500 manat olmaqla, 1200 manat aliment ödənişi etmişdir. Həmçinin bu gün 180 manat ödəniş etmişdir. Odur ki, onun tərəfindən ödənişlər edilməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu tərəfindən aylıq 404 manat aliment ödəniş ediləcəyinə inanmır. Borclu tərəfindən ona 560 manat aliment borcundan 180 manat ödəniş edildiyini təsdiq edir. Borclunun hazırda ona 380 manat aliment borcu var. Himayəsində olan iki azyaşlı uşağı əziyyətlə saxlayır, borclu ilə uşaqlarla maraqlanmır, ümumiyyətlə uşaqlarla görüşə gəlmir. Borclu 3 ay bundan əvvələ qədər X3 işləmiş, kartından mütəmadi aliment ödənişləri tutulmuşdur. Son 3 aydır ki, borclunun aliment ödənişlərində gecikmələr yaranmışdır. Borclunun 380 manat aliment borcunu tezliklə ödəməsini tələb edir. Borclu barəsində qəbul ediləcək qərarı isə məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan: -Kəlbəcər Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(040)-179/2023 nömrəli icra vərəqəsindən görünür ki, 19 yanvar 2014-cü ildə doğulmuş X5 və 07 dekabr 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli 2(040)-533/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə aylıq 75 (yetmiş beş) manat tutulan alimentin miqdarı artırılmalı, 19 yanvar 2014-cü ildə doğulmuş X5 və 07 dekabr 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə aylıq 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. -xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(040)-179/2023 nömrəli icra sənədi üzrə icraat başlanmışdır. -xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şəxs Kəlbəcər Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(040)-179/2023 nömrəli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmiş, həmin bildiriş vətəndaşa təqdim olunmuşdur. -xx.xx.2025-ci il tarixli aktdan görünür ki, icra məmuru hal şahidlərinin iştirakı ilə Kəlbəcər Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(040)-179/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar ünvan 3 ünvanında olmuş, müəyyən edilmişdir ki, borclu qeyd olunan ünvanda yaşamır və Tərtər rayonunda naməlum ünvanda yaşayır. -xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, borclunun barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Kəlbəcər rayon Polis Şöbəsinə göndərilmişdir. -Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(040)-25/2025 nömrəli qərardadı ilə ərizəçi Zərərçəkmiş şəxs “uşaqların saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(040)-179/2023 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilməsinə dair” ərizəsinin təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(040)-179/2023 saylı qətnaməsi ilə 19 yanvar 2014-cü ildə doğulmuş X5 və 07 dekabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə ödənilməli olan 150 (yüz əlli) manat sabit pul məbləğində aylıq alimentin məbləği 07 may 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,43 (sıfır tam yüzdə qırx üç) misli həddində olmaqla, iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,86 (sıfır tam yüzdə səksən altı) misli həddində indeksasiya edilməsi, qərardadın dərhal qüvvəyə minməsi və icra edilməsi üçün Kəlbəcər Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(040)-179/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əlavə edilməsi qərara alınmışdır. -xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(040)-25/2025 nömrəli icra sənədi üzrə 560 manat aliment borcunu ödəmədiyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. -Borclu İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, icra sənədinə əsasən onun tələbkara 560 manat aliment borcunun olduğu izah edilmişdir. Maddi vəziyyətinə görə borcunu birdəfəlik ödəyə bilmir, hər ay 400 manat ödəməyə hazırdır. Fərdi əməklə məşğuldur, günlük qazancı 20 manat təşkil edir. Məhkəmə qərarını icra etmədiyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə ona xəbərdarlıq edilmişdir. -Tələbkar tərəfindən İdarədə verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, icra sənədi üzrə borclunun ona 2025-ci ilin oktyabr ayı da daxil olmaqla, 560 manat aliment borcu var. Həmin borcun hissə-hissə ödənilməsinə razı deyil, birdəfəlik ödənilməsini tələb edir. Əks halda borclunun inzibati məsuliyyətə cəlb edilməsini tələb edir. -İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, borclu tərəfindən tələbkara xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 400 manat və xx.xx.2025-ci il tarixdə 500 manat olmaqla, 1200 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(040)-179/2023 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, həmin qətnamə ilə müəyyən edilmiş alimentin indeksasiya edilməsi barədə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(040)-25/2025 nömrəli qərardadı dərhal icraya yönəldilmişdir. Borclu tərəfindən hər ay tam şəkildə olmasa da, mütəmadi ödənişlər edilmiş, həmçinin borclu xx.xx.2025-ci il tarixdə 180 manat aliment ödənişi edərək, həm məhkəmə iclasında verdiyi ifadəsində, həm də icra orqanındakı izahatında qalan borcunu hər ay hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Bütün bu hallara baxmayaraq icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs tərəfindən mütəmadi ödənişlər edilir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Beləliklə, məhkəmə borclu Şəxs yaranmış borcdan müəyyən ödənişlər etməsini və qalıq qalan borcu hissə-hissə ödəyəcəyinə dair vədi barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. İşin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar