Məhkəmə qərarları › İş №3(125)-4323/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4323/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4323/2025 04.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, X1 iştirakı ilə, X7 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 29721458 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 şikayətlə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ 29721458 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, yaxın günlərdə ona məlum olmuşdur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. O, bunun səbəblərini araşdırmağa başlamış və xx.xx.2025-ci il tarixdə Gəncə şəhər DYP idarəsinə müraciət etmişdir. Orada bildirmişlər ki, barəsində inzibati tənbeh verilməsi barədə qərar qəbul edilmişdir. O, həmin qərarı istəmiş və DYP idarəsinin əməkdaşları həmin qərarı xx.xx.2025-ci il tarixdə ona təqdim etmişlər. Qərarla tanış olmuş və məlum olmuşdur ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ 29721458 nömrəli qərarı ilə İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 400 manat cərimə olunmuşdur. Halbuki, qeyd edilən **-BN-*** qeydiyyat nişanlı avtomobil onun sahibliyində və ya istifadəsində olmayıb. Məsələ burasındadır ki, o, həmin vaxtı ümumiyyətlə ölkədə olmamışdır və təbii olaraq ölkə ərazisində hər hansı nəqliyyat vasitəsini idarə edə bilməzdi. Qərarda görüntüsü olan avtomobili vaxtı ilə almış və pulunu ödəyə bilmədiyi üçün aldığı şəxsə geri qaytarmışdır. xx.xx.2025-ci il tarixdə isə ölkədən getmiş və yalnız xx.xx.2025-ci il tarixdə ölkəyə qayıtmışdır. Bu barədə sübutları məhkəməyə təqdim etmişdir. Ona görə də hesab edir ki, inzibati xəta hadisəsi olmadığı üçün barəsində qəbul edilmiş qərar ləğv edilməli və icraata xitam verilməlidir. Həmçinin hesab edir ki, şikayət vermək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir, çünki xx.xx.2025-ci il tarixədək bu qərar ona ümumiyyətlə təqdim edilməmişdir. Həmçinin Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və öyrənmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-1126/2025 saylı, xx.xx.2025-ci il tarixli, 3(125)-1484/2025 saylı və xx.xx.2025-ci il tarixli, 3(125)-1499/2025 saylı qərarları ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Buna səbəb olmuş cərimələri ödəmiş və məhdudlaşdırma barədə qərarlara xitam verilməsi üçün vəsatətlə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X7 ərizəsində göstərilənləri təsdiq edərək bildirdi ki, əvvəllər “Vaz 21124” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə etsə də, avtomobili aldığı şəxsə geri qaytarmışdır. xx.xx.2025-ci il tarixdə isə Gürcüstana getmiş, oradan quru yolu ilə Rusiyaya keçmiş və yalnız xx.xx.2025ci il tarixdə ölkəyə qayıtmışdır. Bunu təsdiq edən sənədləri də var. Həmin sənədlərdən də göründüyü kimi protokolun tərtib olunduğu xx.xx.2025-ci il tarixdə ölkə ərazisində olmamışdır. “Vaz 21124” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Qızlar yataqxanasının qarşısına özü evakuator vasitəsilə gətirmiş, həmin vaxt sürücülük hüququ məhdudlaşdırılmamış, işlək vəziyyətdə olmayan avtomobil barəsində protokol tərtib olunmuşdur. Sonuncu dəfə etibarnamə onun adına verildiyi üçün ölkə xaricində olduğu halda protokol tərtib olunub. Hazırda avtomobilə dair etibarnaməni ləğv etmişdir. O, şikayətinin təmin edilməsini, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 29721458 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ/ 29721458 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 19:30:12 radələrində Gəncə şəhəri, Dədə Qorqud 42 (GPS: 40.6794xx.xx.375050) ünvanında idarə etdiyi “Vaz 21124” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanuni ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış halda idarə edərkən AR İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. - X4 məxsus ümumvətəndaş pasportunun surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə Gürcüstan Respublikasına getmiş, həmin tarixdə Rusiya Respublikasına daxil olmuş, xx.xx.2025-ci il tarixdə Rusiya Respublikasından Gürcüstan Respublikasına getmiş, həmin tarixdə Rusiya Respublikasına daxil olmuş, xx.xx.2025-ci il tarixdə isə Azərbaycana qayıtmışdır. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21124” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Belə ki, X3 təqsirli olması “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ/ 29721458 nömrəli qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədə ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. Məhkəmə şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. 27-ci maddəsinin 2-ci hissəsinə görə mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar: 1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, yaxud konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 2) tramvayların və trolleybusların — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 3) traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 4) texnoloji nəqliyyat vasitələrinin, habelə bu maddənin İİ hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 5) hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinin — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 30-cu maddənin 2-ci hissəsinə görə nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Həmin maddənin 6-cı hissəsinə əsasən nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə bir dəfə; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 29721458 nömrəli inzibati tənbeh vermə haqqında qərar inzibati iş üzrə icraat aparan orqan tərəfindən inzibati xətalara dair hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz sayılmalıdır. Qanunsuz qərar isə heç bir hüquqi nəticə doğura bilməz və hər bir halda ləğv olunmalıdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Asəf oğlu tərəfindən törədilməsi ehtimal edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta xx.xx.2025-ci il tarixdə, saat 19:30:12 radələrində Gəncə şəhəri, Dədə Qorqud 42 (GPS: 40.6794xx.xx.375050) baş vermişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş ümumvətəndaş pasportunun surətindən müəyyən edilir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman X7 ölkə ərazisində olmamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Belə ki, inzibati xətanın subyekti olmuş şəxs inzibati xəta törədilərkən Azərbaycan Respublikasında olmmaışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı və sənədlərin təqdim edilməsi ilə bağlı sorğu verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə tərəfindən verilən sorğuya cavab verilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 xx.xx.2025-ci il tarixli, EQ/ 29721458 nömrəli qərarla İXM-in 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 29721458 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 29721458 nömrəli qərarla X3 İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Belə ki, inzibati xətanın kim tərəfindən törədildiyi dəqiq müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X7 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 29721458 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 şikayətində və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. Araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi təmin edilsin. Əlavə araşdırmanın aparılması üçün materiallar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar