Məhkəmə qərarları › İş №3(125)-4325/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4325/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4325/2025 13.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Umud oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMCdə inzibatçı vəzifəsində işləyən, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, ev 113, mənzil 10 qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sözügedən inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati ərazisində xırda xuliqanlıq hərəkətləri edərək polisin qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi Nümayəndə protokolun məzmununa uyğun çıxış edərək, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək bildirdi ki, təxminən gecə saat 12 radələrində yaxın qohumu ona zəng edərək bir bağlamanın Türkiyəyə göndərilməsi üçün Gorandan yola salınması lazım olduğunu bildirdi, o da gecə olduğu üçün yola dostu ilə birgə çıxmışdır. Bağlamanı təhvil alma yerinə verdikdən sonra dostunu evlərinə düşürərkən bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və ona özünü təqdim etməsini demiş, o da özünü təqdim etmiş, daha sonra yaşadığı ünvanı soruşanda onlara əli ilə dayandıqları yerdən aşağı istiqaməti göstərmiş və dəqiq ünvanı portal vasitəsilə müəyyən edə biləcəklərini söyləmişdir. Daha sonra polis əməkdaşları onlardan maşından düşmələrini söyləmiş, o isə soyuq olduğu üçün maşında danışmalarını desə də, onlar yenə maşından düşmələrini tələb etdikdə maşından düşmüşlər, əsəbi şəkildə danışaraq polis şöbəsinə onu dəvət etmişlər. O da heç bir səsküy salmadan , onların tələblərinə əməl edərək polis şöbəsinə getmişdir. Şöbədə yenə polis əməkdaşları onunla əsəbi şəkildə danışmış, onun üzərinə qışqırmışlar və bir əməkdaş ona demiş ki “elə edəcəm ki, məni görəndə gizlənmək üçün özünə siçan dəliyi axtaracaqsan”. O nə onu saxladıqları yerdə, nə də ki polis şöbəsində polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməmiş, onların qanuni tələblərinə tabe olmuş və ictimai qaydanın pozulmasına səbəb olacaq hərəkətlərə yol verməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə izahat verərək bildirdi ki, təxminən gecə saat 4 radələrində Şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili yolun ortasında şübhəli şəkildə saxladığı üçün xidmətdə olan digər polis əməkdaşı ilə birgə həmin avtomobilə yaxınlaşmış və özlərini təqdim etmişlər. Adı sonradan onlara məlum olan vətəndaşa və yanındakı digər şəxsə özlərini təqdim etmələrini söyləmişlər. Bu zaman digər vətəndaş özünü təqdim etmiş, lakin adı sonradan onlara məlum olan Şəxs özünü təqdim etməmiş və gülə-gülə onların verdiyi suallara mahiyyəti üzrə cavab verməmişdir. Hətta onlara cavab olaraq “komendant saatıdır ki, bu vaxtı niyə çöldə olduğumu soruşursan?” demişdir. Onu şöbəyə dəvət etdikdə səs-küy salmayaraq avtomobilinə minmişdir. Polis şöbəsinə gətirildikdə rəis ona niyə polis əməkdaşlarının tələbinə əməl etmədiyini soruşmuş, o da “polis Allahdır ki, qorxum onlardan?” deyə cavab vermişdir. Polis əməkdaşları dəfələrlə onu nizam-intizama dəvət etsələr də, buna məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə izahat verərək bildirdi ki, Şahid1la birgə xidməti ərazidə hərəkətdə olan zaman Şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili yolun hərəkət hissəsində şübhəli şəkildə saxladığı üçün həmin avtomobilə yaxınlaşmış və özlərini təqdim etmişlər. Ondan özünü təqdim etməsini tələb etdikdə adının İsrəfil olduğunu qeyd etmiş və harada yaşadığını soruşanda “portalınız var, oradan baxıb müəyyən edə bilərsiz” demişdir. Ona suallar verdikdə güləgülə, qeyri-səmimi şəkildə cavab vermiş, onları ələ salmışdır. Daha sonra onu dəfələrlə nizam-intizama dəvət etsələr də, onların tələbinə məhəl qoymamış və qeyri-səmimi davranışlarını davam etdirmişdir. Onu polis şöbəsinə dəvət etdikdə səs-küy salmamış, PPX-nin avtomobilinə əyləşərək polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə izahat verərək bildirdi ki, futbol oyunundan çıxdıqdan sonra dostu İsrəfil onu götürmüş, daha sonra onu evlərinə düşürərkən polis əməkdaşları onların avtomobilinə yaxınlaşaraq onlara bu vaxtı orada nə etdiklərini soruşmuşlar, İsrəfil də onu düşürmək üçün gəldiyini və özünün də evə gedəcəyini bildirmişdir. Həmin vaxt polis əməkdaşları əsəbi şəkildə danışmış və İsrəfil də onlara “komendant saatıdır ki?” demişdir. İsrəfildən özünü təqdim etmələrini dedikdə, o da özünü təqdim etmiş, harada yaşadığını soruşanda isə əli ilə olduqları yerdən aşağı istiqaməti göstərmiş və dəqiq ünvanı bilmələri üçün portaldan baxaraq müəyyən etməyin mümkün olduğunu demişdir. Ondan isə ancaq harada yaşadığını soruşmuşlar. Onlar İsrəfilin şöbəyə gəlməli olduğunu bildirəndə o səs-küy salmadan onların avtomobilə əyləşmiş və ona da getmələrini bildirmişlər. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati ərazisində xırda xuliqanlıq hərəkətləri edərək polisin qanuni tələbinə tabe olmamışdır. Lakin nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, o, heç bir şəkildə ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, həmin gün Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati ərazisində Şəxs tərəfindən ictimai qaydanın pozulması və polisin qanuni tələbinə qəsdən tabe olmama halları öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs qeyd edilən yerdə həqiqətən də ictimai qaydanı konkret olaraq hansı hərəkətlər ilə pozması və polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən mötəbər sübutları (səs yazısı, video çəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. Həmçinin şahidlərin izahatından da görünür ki, Şəxs səs-küy salmadan PPX-nin avtomobilinə əyləşmiş, ictimai qaydanın pozulmasına əsas ola biləcək hər hansısa bir hərəkətə yol verməmişdir. Şəxs özünü qeyri-səmimi aparması isə xırda quliqanlıq kimi qiymətləndirilə bilməz. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar