Məhkəmə qərarları › İş №3(125)-4327/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4327/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4327/2024 23.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından “MTT X8. Limited Şti” tərəfindən “Mercedes Benz”markalı 34UL0002/34UL0003 yük nəqliyyat vasitəsi ilə “kənd təsərrüfatında istifadə olunan pivot suvarma sistemi-sökülmüş halda aksesuarları ilə birlikdə” yükü xx.xx.2024-cü il tarixdə “Mazımqara” gömrük postundan keçməklə təyinatı üzrə Gəncə Gömrük İdarəsinə rəsmiləşdirilməsi üçün göndərilmişdir. Qeyd olunan yüklər sənədli nəzarət başa çatdırıldıqdan sonra yüklərin gətirildiyi “Mercedes Benz”markalı 34UL0002/34UL0003 yük nəqliyyat vasitəsinin yük yerinə Goranboy rayonu, Hacallı kəndində yerləşən anbarında gömrük yoxlaması keçirilərkən **********4014 sorğu nömrəli gömrük bəyannaməsində düzgün göstərilməyən suvarma qurğusu üçün 8 ədəd “Lindsay” markalı təzə şinlər diski ilə birlikdə və “Zimmatic” markalı gücü 480 volt olan idarəetmə paneli - 1 ədəd “Rubicon/B1 RUB-N1-55” 55 kw Pompa panosu OPUS Seri No: 22404636 markalı idaretmə paneli 2 ədəd aşkar olunmuşdur. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs MMC və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər (səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər). Məhkəmə işə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, **********4014 nömrəli Gömrük bəyannaməsindən görünür ki, 31-ci qrafada göstərilmiş kənd təsərrüfatında istifadə olunan pivot suvarma sistemisökülmüş halda aksesuarları ilə birlikdə köşəbənd – 770 ədəd, mil – 341 ədəd, boru – 184 ədəd, pivot üçün şinlər – 28, motor – 28 ədəd, sandıq – 9 ədəd kimi qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və yükə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.5-ci maddəsinə əsasən Rəsmiləşdirmə Mərkəzinin böyük inspektoru X2, Əməliyyat və Təhqiqat şöbəsi Hədəfləmə və Koordinasiya bölməsinin böyük inspektoru X1, “X11” MMCnin etinarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə gömrük yoxlaması həyata keçirilərkən pivot suvarma su nasoslarının sistem qurğusunun matoru 28 ədəd qeyd olunmasına baxmayaraq 18 ədəd olduğu aşkar edilmişdir. - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Zimmatic markalı idarəetmə paneli 1 ədəd, Rubicon/B1 markalı idaretmə paneli 2 ədəd və Lindsay markalı suvarma qurğusu üçün təzə şinlər diski ilə birlikdə 8 ədəd mallar Gəncə Gömrük İdarəsinin yardımçı binasında X3 təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması” haqqında qərardaddan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. - xx.xx.2024-cü il tarixli 09-T nömrəli Ekspertiza aktından görünür ki, təqdim edilmiş suvarma qurğusu üçün 8 ədəd “Lindsay” markalı təzə şinlərin diski ilə birlikdə 1 ədədinin qiyməti – 200 manat, “Zimmatic” markalı gücü 480 volt olan idarəetmə paneli – 300 manat, “Rubicon/B1 RUB-N1-55” 55 kw Pompa panosu OPUS Seri No: 22404636 markalı idaretmə panelinin 1ədədi isə 250 manat olmaqla ümumi dəyəri 2400 manat müəyyən edilmişdir. Bu qiymətlər xx.xx.2024-cü il tarixə olan mağazalardakı və internet saytlarındakı orta bazar qiymətlərinə əsaslanmışdır. - xx.xx.2024-cü il tarixli “barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi” haqqında protokoldan məkum olur ki, bəyannamdə göstərilməyən yüklərin mal müşaiyət sənədlərində qeyd edilməməsi göndərən şirkətin səhlənkarlığı səbəbindən baş verdiyini və MMC tərəfindən hər hansı qanunpozuntusu müşayiət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, “X12” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, “X12” MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********4014 sorğu nömrəli gömrük bəyannaməsinin 31-ci qrafasında Pivot suvarma su nasoslarının sistem qurğusunun matoru 28 ədəd qeyd olunmuş, lakin 18 ədəd qeyd edilmişdir. Məhkəmə “X12” MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, “X12” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 30 faizi miqdarında yəni, 720 manat məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 50 manat məbləğində pul “X12” MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizi miqdarında, yəni 720 manat məbləğində cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinə görə Şəxs MMC-dən 50 (əlli) manat məbləğində pul tutularaq dövlət nəfinə keçirilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar