Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4332/2025 14.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 14 noyabr 2025-ci il tarixli, MN № ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 izahatında bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1764/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat məbləğində aliment pulunun tələbkar X1 ödənilməsi qət edilmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclunu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir və borclunun aliment borcu hal-hazırda 9326 manat təşkil edir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1764/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin ondan Sevinc Verdiyevanın xeyrinə tutulması qət edilmişdir. Aliment üzrə ödənişlərini edir. Hal-hazırki yığılan borc pandemiya vaxtından qalmışdır. Söz verir ki, yaxın vaxtlarda borcundan bir qismini ödəyəcəkdir. Barəsində qanun tələblərinə uyğun olaraq qərar qəbul edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin (icra sənədi üzrə tələbkar) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1764/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki: Gəncə Apellyasiya Məhkəməsinin qət etdi hissəsi apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli, 2-2798 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli, 2(044)-2486/2014 nömrəli qətnaməsi ilə, 03 sentyabr 2007-ci il təvəllüdlü X7 və 16 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 80 (səksən) manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 03 sentyabr 2007-ci il təvəllüdlü X7 və 16 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, iddiaçı X1 ödənilməsi, Şəxs 7,5 (yeddi manat, 50 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə keçirilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qət etdi hissəsi – iddia qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli, 2(044)- 2486/2014 nömrəli qətnaməsi ilə, 03 sentyabr 2007-ci il təvəllüdlü X7 və 16 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 80 (səksən) manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 90 (doxsan) manat məbləğində müəyyən edilməsi, 03 sentyabr 2007-ci il təvəllüdlü X7 və 16 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 90 (doxsan) manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq, iddiaçı X1 ödənilməsi, artırılmış alimentin məbləğinin qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulması, Şəxs 7,5 (yeddi manat, 50 qəpik) manat məbləğində dövlət rüsumu tutulacaq, dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icraata başlanılması və Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi qərara alınmışdır. Şəxs ünvanlanmış tələbin könüllü icra edilməsi barədə bildirişdən görünür ki, borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-358/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-292/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1764/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi üzrlü səbəb olmadan icra edilməmiş, Şəxs öhdəliyindən icra sənədində göstərilən qaydada və məbləğdə ödəniş edilmədiyindən icra sənədi üzrə cəmi 9326 manat məbləğində aliment borcu yaranmış, məhkəmə aktı tam olaraq icrası onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə hesab edərək qeyd edir ki, qətnamə qəbul edildiyi vaxtdan keçən uzun müddət ərzində borclu tərəfindən icra sənədində göstərilən məbləğdə əhəmiyyətli ödəniş edilməmiş, borc yığıldıqdan sonra cüzi məbləğdə ödəniş edilməsi məhkəmə qətnaməsi ilə müəyyən olunmuş öhdəliyinin tam icrasından yayınmaq istəyini göstərmişdir. Həmçinin icra sənədi üzrə borclu tərəfindən icra edilməmə nəticəsində 9326 manat məbləğində aliment borcu yığılmışdır. Bu hal onu deməyə əsas verir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə razılaşmayıb özünün istəyinə uyğun olaraq qətnamədə müəyyən olunmuş öhdəliyinin tam icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. Bu səbəbdən sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun və tələbkarın ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, borc məbləğini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və həbsdə sаxlаmа müddətinin əvvəli 14 noyabr 2025-ci il tаrixdən, saat 17:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 14 noyabr 2025-ci il tаrixdən, saat 17:30-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə və Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X6 həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-4332/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4332/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver