Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-434/2024 29.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü polis bölməsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü polis bölməsinin polis sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs vətəndaş X3 ictimai yerdə, küçədə qarşısını kəsərək əxlaqsız təkliflər etmişdir. Məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs X6 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, vətəndaş X5 xx.xx.2024-cü il tarixdə 102 DİN xidmətinə zəng edərək Gündüz adlı şəxs tərəfindən mütamadi olaraq iş yerinin qarşısında, yolda narahat edilir. Gündüz ona əxlaqsız təklif edir, yolda gedəndə onu izləyib qarşısını kəsir. Odur ki, məcbur olub polisə şikayət etmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o, X3 tanıyır. Təhminənin anasına qızından xoşu gəldiyini, onunla ailə qurmaq istədiyini demiş, lakin Təhminə və anası onun təklifini qəbul etməmişdir. Təhminənin önünü kəsərək ona əxlaqsız təkliflər etməmişdir. 29 yanvar günü içkili olmuş, Təhminənin iş yerinə gedərək iş yoldaşlarının qarşısında Təhminəyə qışqıraraq onu təhqir etmişdir. Sonda o, əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, Gəncə şəhərində yerləşən “Studio” 313-də operator vəzifəsində işləyir. Gündüzün qonşusu kənardan Təhminənin şəklini gizlin çəkmiş, saxta Whatsapp profili yaratmış, Təhminənin adından Gündüzdən pul tələb etmişdir. Gündüzün ondan xoşu gəldiyi üçün bir neçə dəfə Gündüz onun iş yerinə pul qoymuş, onun puldan xəbəri olmamış, Gündüzün qonşusu isə gəlib pulu götürmüşdür. Təhminənin bundan bir müddət sonra xəbəri olmuş, Gündüzün qonşusu barədə polisə şikayət etmişdir. Amma Gündüz bu günə qədər ondan əl çəkmiş, mütəmadi onu izləyir, qarşısını kəsərək onunla münasibətə girməsini tələb edir. Onu təhqir edir. 29 yanvar tarixində isə onun iş yerinə gəlmiş iş yoldaşlarının yanında ona nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Çünki xx.xx.2004-cü il tarixli, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Şəxs vətəndaş X4 nalayiq sözlər, əxlaqsız təkliflər etməklə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış qaydasını, yəni ictimai qaydanı pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-434/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-434/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver