Məhkəmə qərarları › İş №3(125)-4350/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4350/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4350/2024 11.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuş, subay, tələbə, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 06 radələrində ünvan 1-də yaşadığı evdə X2 döymüşdür. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 06 radələrində ünvan 1-də yaşadığı evdə X2 döymüşdür. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, hazırda tələbədir. X4 onun keçmiş sevgilisidir. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Günayla onun Orxan adlı ortaq dostları ona zəng etmiş və Günaygillə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Karizma" restoranında yeyib-içdiklərini deyib onu da oraya qonaq çağırmış, o da həmin vaxt onların olduğu yerə getmiş və birlikdə yeyib içmişlər. Həmin vaxt Günay spirtli içki qəbul etsə də, lakin o, özü spirtli içki içməmiş, sonra oradan çıxıb getmişdir. Təxminən 1 saat sonra Günay Orxanın telefonu ilə ona zəng etmiş, onu Gəncə şəhəri ərazisində yerləşən Xan Bağı adlanan parkın qarısına çağırmış, o da həmin yerə getmiş, Orxan və Günay ilə birlikdə taksi ilə onun yaşadığı evə gəlmişlər. Onlar evə gəldikdən sonra Orxan çıxıb getmiş, Günayla birlikdə evdə qalmış. Günay isə Orxan getdikdən sonra ikisi evdə olarkən onunla mübahisə etmiş, guya “Lola" adlı qızla əlaqəsi olduğunu demiş, sonra isə Günay mətbəxdə olan şüşə stəkanı sındırmış və onun üstünə gəlmişdir. Günayın əlindəki şüşəni alan zaman Günay öz əlini kəsmiş, sonra Günay onun sifətindən zərblə bir neçə dəfə sillə ilə vurmuş və sinəsindən də yumruqlamışdır. Bundan sonra o öz otağında, Günay isə digər otaqda qalmış, bir neçə saat sonra oyanarkən Günayın polis əməkdaşlarını evə çağırdığını və ondan şikayət etdiyini bilmişdir. O, Günayın dediklərinin yalan olmasını, Günayı döymədiyini, əksinə olaraq Günayın onu döyməsini, həmin vaxt aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Günay onu bir neçə dəfə zərblə vurmuş, aralarında mübahisə olan zaman və Günay onu vurub döyərkən evdə Günaydan və onun özündən başqa heç kim olmamışdır. O, həmin vaxt X2 vurmamış, ona qarşı hər hansı fiziki zor tətbiq etməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, o, Şəxs tanıyır. Əvəzlə əvvəllər sevgili olmuşlar, lakin sonradan ayrılmışlar, ayrılandan sonra Bakı şəhərinə getmiş, avqust ayında isə Türkiyə Respublikasına getmişdir. xx.xx.2024-cti il tarixdə Gəncə şəhərinə gəlmiş, gəldikdən sonra Əvəz ondan əl çəkməmiş, onu narahat etmişdir. xx.xx.2024-cü il tarixdə saat 05 radələrində "Karizma" restoranından çıxıb evə getmək istəyən zaman Əvəz onun olduğu taksiyə əyləşmiş, onu öz evinə dəvət etmiş, o da Əvəzin təkidi ilə getmiş, xx.xx.2024-cii il tarixdə Əvəzin yaşadığı evdə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Əvəz onun bədəninin müxtəlif nahiyyələrindən vuraraq onu döyümüşdür. O, Əvəzin barəsində polisə şikayət etmək istəsə də Əvəz onun mobil telefonunu verməmişdir. Sonra Əvəz yatdıqdan sonra o, evdən çıxıb getmişdir. Polis Şöbəsində olarkən polis əməkdaşları onun İphone 15 Pro Max markalı və İphone 6+ markalı mobil telefonunu alıb ona qaytarmışlar. Hazırda o, Əvəzdən şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin 2-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2024-cü il tarixli 1629 saylı rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin İİİ-İV barmaqlarının səthi yaraları, sol bud nahiyəsinin sıyrığı - küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xəta üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə onun məhkəməyədək icraat, eləcə də məhkəmə iclasında göstərmiş olduğu xüsusatları obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, sonuncunun məqsədi bilavasitə inzibati məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıdığı üçün onun törətmiş olduğu inzibati xəta məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq edilir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin ifadəsi və iş materialındakı digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Şəxs zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə nəticəsində onu döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Buna görə də Şəxs zərərçəkmiş şəxsi döyərək ona fiziki ağrı yetirməsi, beləliklə də İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və törədilmə şəraitini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alıb, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar