Məhkəmə qərarları › İş №3(125)-437/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-437/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-437/2023 02.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Xanlar rayonu, Topalhəsənli kədnində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Əziz Əliyev 299-da faktiki olaraq kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gögöl rayon Məhkəməsinin 2(066)-34/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 17.272 manat pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İnzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq göndərilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzürsüz səbəbdən yayınır. Bununla da o, İXM-nin 528.1-1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, X1 şəhəri Kəpəz rayon Məhkəməsinin 3(043)-400/2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar üzürsüz səbəbdən icra etmədiyinə görə protokol tərtib edilmişdir.Bugünədək ödəniməmiş 17.272 (on yeddi min iki yüz yetmiş iki) manat borcu qalır. Borclu bu hərəkətləri onu göstərir ki, o, icra sənədlərinin icrasına laqeyd yanaşır və qərəzli olaraq borcunun ödənilməsindən imtina edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində inzibati qaydada tənbeh tətbiq edilməsini xahiş edir. Veriln suallara cavab olaraq bildirmişdir ki, borclu işləyir və onun əmək haqqısından məcburi qaydada tutulma aparılır. Lakin həmin məbləğ cuzidir və məhkəmə qətnaməsində borcun birdəfəlik ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, borcunu ödəmə imkanı yoxdur. Məhkəmə qətnaməsində göstərilən evi satmışdır. Cehiz əşyaları isə qaytarmışdır. Hər ay maaşından tutulmalar olur. Kirayədə qalır. Borcunu ödəməkdən qəsdən yayınmır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, qanuna uyğun tədbir görülməsini xahiş edir. Verilmiş suallara cavab olaraq bildrimişdir ki, məhkəmə qətnaməsinə nəzərdə tutulan evi oğluna satmışdır. Həmin evdə qeydiyyatda olsa da orda yaşamır. Başqa gəlir yeri yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 1-ci qrup əlidir, borclu ona olan borcunu ödəməkdən qəsdən yayınır. Doğrudur cehiz əşyaları qaytarsa da həmin əşyalar yaraarsız vəziyyətdə olmuşdur. Şəxs işlədiyi yerdən başqa ev alqı-satqısı ilə də məşğul olur. Yaşadığı evi oğlunun adına rəsmiləşdirmişdir. İndi isə evi satdığını bildirir. Əvvəllər məhkum olunmuş şəxsdir. Ona görə də həbs olunmaqdan qorxmur. Lakin borcu ödəmir. Ona görə də qanunla nəzərdə tutulmuş qaydada barəsində tədbir görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Məhkəməsinin 2(066)-34/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cehiz əşyaları, onlar olmadıqda dəyəri 9179 manat və birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26760 manat pulun ½ hissəsi yəni 13380 manat məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Göygöl rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-34/2021 saylı icra vərəqəsi icraata qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş 02 tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Göygöl rayon Məhkəməsinin 2(066)-34/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş 12 aprel 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, borcluya xəbərdarlıq edilmiş və izahatı alınmışdır. İş materiallarına əlavə edilmiş 06 may 2022-ci il tarixli 3(043)-400/2022-ci il tarixli Gəncə şəhəri Kəpəz Rayon məhkəməsinin qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı inzibati tənbeh vermə haqqında 06 may 2022-ci il tarixli 3(043)- 400/2022-ci il tarixli Gəncə şəhəri Kəpəz Rayon məhkəməsinin qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında verdiyi izahatından görünür ki, borclu maddi imaknı olmadığını əsas gətirərək, borclarını ödəmədiyini bildirsə də, bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, onun hal-hazırda 17.222 min manat borcu ödənilməmiş qalmaqdadır. Barəsində inzibati icraat aparılan şəxs verilən suallara cavabında evi oğluna satdığını bildirmiş, lakin məhkəmənin qətnaməsi ilə nəzərdə tutulan pulu zərərçəkmiş şəxsə ödəməkdən qəsdən yayınmışdır. Bu hal barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatı ilə təsdiqini tapır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədi üzrə ödənilməmiş pul vəsaitlərinin məbləğlərini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 02 mart 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar