Məhkəmə qərarları › İş №3(125)-438/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-438/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-438/2023 19.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X2, Musayev Musa Tofiq oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 Gəncə şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X1 şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qeyd edilən qərar əsassız və qərəzlidir. Belə ki, inizibati tənbehvermə haqqında qərarda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilsə də, o, həmin xətanı törətməmişdir. Hadisənin görüntülərini əks etdirən videoyazıya baxış keçirilərsə onun dedikləri öz təsdiqini tapacaqdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, bildirdi ki, hadisə baş verən gün o, işıqforun qırmızı işığında dayanmış, yaşıl işıq yandıqdan sonra o, sağındakı avtomobili keçərək sağ zolağa çıxmışdır. Bu zaman dayandıqları yolun 1-ci zolağından yüksək sürətlə gələn Hyundai markalı avtomobil həmin hərəkət zolağı daraldığı üçün sola manevr edib onun avtomobilinə arxadan çırpılmışdır. Məhkəmədən videoyazıya baxış keçirilərək barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati protokolu tərtib etmiş Gəncə şəhər DYPŞ-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 327.1 maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskə iclas zalında baxış keçirilmiş və müəyyən edilmişdir ki, şikayətçi istifadəsində olan BMW markalı avtomobil ilə 3 zolaqlı yolun soldan birinci xəttində işiqforun qırmızı işığında dayanmış, onun yanında ortada 2-ci xətdə ağ rəngli Mercedes markalı avtomobil dayanmışdır. İşıqforun yaşıl işığı yanan zaman BMW markalı avtomobil birinci hərəkət edərək sağdakı Mercedes markalı avtomobili ötüb sağ zolağa daxil olur, bu zaman sağ 1-ci zolaqdan hərəkət edən Hyundai markalı avtomobil işıqforu keçərək, qarşısında zolaq daraldığı üçün solundakı ağ rəngli Mercedes markalı avtomobili buraxmadan sola manevr edərək həmin avtomobilin qarşısına keçib, həmin zolaqda qarşısında olan BMW markalı avtomobili arxa hissədən vurmuş, BMW markalı avtomobil zərbənin təsirindən sağa gedib səkinin üstünə çıxıb dayanmışdır. Həmçinin vidoeonun çəkildiyi monitorda hadisənin xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində baş verdiyi aydın şəkildə görünür. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki şikayətçi X4 təhlükəsiz şəkildə manevr qaydasını pozmadan sağındakı ağ rəngli “Mercedes” markalı avtomobilə maneə yaratmayaraq həmin avtomobili ötüb keçməklə sağdakı zolağa daxil olmuş və bu zaman heç bir inzibati xəta törətməmişdir. Belə ki, Hilal Namazov işırforda durduğu 3 zolaqlı yolun soldan birinci zolağından hərəkətə başlamış, bu zaman sağında dayanmış ağ rəngli “Mercedes” markalı avtomobil yavaş hərəkət etdiyi üçün yolayrıcında həmin avtomobili ötərək irəlidə sağ tərəfdən daralaraq iki zolaq olan yolun sağdan birinci zolağına keçmiş, həmin vaxt sağında olmuş və ötərək keçdiyi Mercedes markalı avtomobilə hər hansı mane və təhlükə yaratmamışdır. Bundan sonra 3 zolaqlı yolun sağdan birinci zolağından gələn Hyundai markalı avtomobil yolayrıcından sonra irəlidəki yol sağ tərəfdən daralaraq iki zolaq olduğu üçün sola manevr edib Hilal Namazovun avtomobilini arxadan vurmuşdur. Bu fakt təqdim olunmuş video görüntülərdə də öz təsdiqini tapmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bundan başqa təqdim edilmiş video görüntüdə hadisənin xx.xx.2023-cü il tarixdə baş verdiyi aşkar görünsə də, inzibati xəta haqqında protokolda hadisənin baş vermə tarixi xx.xx.2023-cü il, inzibati protokolun tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. Həmçinin inzibati tənbeh vermə haqqında qərarda hadisənin baş verdiyi tarix və qərarın tarixi əl ilə düzəldilərək xx.xx.2023-cü il yazılmışdır. Bu isə inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın səlahiyyətli şəxs tərəfindən düzgün tərtib olunmadığını göstərir. Belə ki, İXM-in 100.1, 100.1.1, 100.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X3 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X4 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar