Məhkəmə qərarları › İş №3(125)-440/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-440/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-440/2022 23.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlu, Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 332.1, 334.1 və 342.9cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə materialı araşdırıb, m ü ə y y ə n e t d i: Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsindən daxil olmuş Şəxs İXM-nin 332.1, 334.1 və 342.9-cu maddələri ilə inzibati xəta törətməsi barədə tərtib edilmiş iş materialları baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2022-ci il tarixdə “VAZ 21214” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 332.1, 334.1 və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Bu hissədə məhkəmə hesab edir ki, inzibati cərimə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu hissədə məhkəmə İXM-nın 334.1-ci maddəsinin sanksiyasında cərimə cəzasından əlavə on beş günədək müddətə həbs növündə tənbeh tədbiri nəzərdə tutulduğundan həmin işə məhkəməyə daxil olduğu gündən gec olmayaraq baxılmalı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə təqdim edilməli olduğu halda protokolu tərtib edən orqan tərəfindən həmin şəxs məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı təmin olunmadığına görə hazırki inzibati xəta haqqında işə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, protokola Şəxs məxsus “VAZ 21214” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən çoxavazlı səs siqnalının sökülərək götürülməsi ilə bağlı onu təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda Şəxs idarə etdiyi avtomobildə qanunla istifadəsi məhdudlaşdırılmış çoxavazlı səs siqnalını yerləşdirməklə ondan istifadə etməsi faktını müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 332.1, 334.1 və 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material natamamlıqların aradan qaldırılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs barəsində İXM-in 332.1, 334.1 və 342.9-cu maddələri ilə tərtib olunmuş İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinin X2 Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar