Məhkəmə qərarları › İş №3(125)-440/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-440/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-440/2025 24.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 23 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 23 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏƏSMNnin yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin 23 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) görə 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, DƏMX Gəncə-Daşkəsən regional şöbəsi hesab etmişdir ki, vətəndaş X7 ödənilən işəgötürənin son haqq-hesabı işdən çıxdığı gün verilməmişdir. Bildirir ki, X18 rayon Qaraağaclı kənd tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləmiş və işəgötürən həmin məktəbin direktoru Şahid olmuşdur, hansı ki, işdən azad olunma əmri də Şahid vemişdir. Məktəbin direktoru Şahid işçi Elbir Əhmədovun işdən azad olunma barədə sənədlərini Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə təhsil sektorunun mühasibatlığına 29 noyabr 2024-cü il tarixdə təqdim etmişdir. Bu səbəbdən, işçi işdən azad olunduğu gün son haqq-hesabın ödənilməsi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektoru tərəfindən mümkün olmamışdır. DƏMX Gəncə-Daşkəsən regional şöbəsi vətəndaş X1 haqq-hesabın gec ödənilməsi kimin təqsiri ucbatından baş verdiyini tam araşdırmamış, gecikməyə səbəb olan Samux rayon Qaraağaclı kənd tam orta məktəbin direktoru Şahid barədə inzibati tənbeh etmə haqqında qərar qəbul etmək əvəzinə onun barəsində inzibati tənbeh etmə haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət vermiş şəxs X8 lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə şikayət verən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X4 şikayəti əsassız hesab edərək ifadəsində bildirmişdir ki, işçini işə götürən məktəb direktoru olsa da, məktəblərdə mühasibatlıq şöbəsi olmadığından mühasibatlıqla bağlı son haqq-hesab işlərini Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi həll edir. Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin müdiri X12 olduğundan və işçi X5 əmək müqaviləsinə xitam verildiyi gün, yəni (xx.xx.2024-cü il tarixdə) son haqq hesabı ödənilmədiyindən sonuncunun barəsində inzibati məsuliyyətə cəlb edilməsi haqqında 23 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, daha sonra bildirmişdir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən köhnə tarixlə akt tərtib edilərək guya direktor Şahid əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişi xx.xx.2024-cü il tarixdə mühasibatlığa təqdim etməsi və buna görə də işçiyə işdən azad olunduğu gün son haqq hesabın ödənilməsinin mümkün olmadığı göstərilmişdir. Sonda o, şikayətin əsassız hesab edilməsini və 23 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, Samux rayon Qaraağaclı qəsəbəsi tam orta məktəbin direktorudur. O, məktəbin həftənin şənbə günü işlədiyini və 23 noyabr həftənin 6-cı gününə təsadüf etdiyini bildirmişdir. Belə ki, o, X9 23 noyabr 2024-cü il tarixdə işdən azad etmiş və bununla bağlı əmri həm elektron qaydada, həm də əmr kitabında qeyd etmişdir. Bu barədə Təhsil İdarəsinə məlumat vermiş, lakin Təhsil İdarəsindən təhvil təslimə gələcəklərini bildirsələr də, onlar məktəbə gəlməmişlər. O, dəfələrlə 23 noybar 2024-cü il tarixdə təhsil idarəsinin mühasibi Pərvanə xanıma zəng edərək X5 əmək müqaviləsinə xitam verdiyini bildirmiş, lakin təhsil idarəsinin nümayəndəsi məktəbə gəlmədiyi üçün özü həftənin 1-ci günü yəni, 25 noyabr 2024-cü il tarixdə əmri aparıb təhsil idarəsində Pərvanə xanımın işçisi Xədicə xanıma vermişdir. O, həmçinin, whatsapp proqramı vasitəsi ilə bu haqda məlumatı baş mühasib Pərvanə xanıma da göndərdiyini bildirmişdir. (bununla bağlı yazışmaları məhkəməyə təqdim edir) Sonda hakimin sualına cavab olaraq 29 noyabr 2024-cü il tarixdə tərtib edilmiş aktdan xəbəri olmadığını bildirmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, şikayəti, iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X3 23 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbi pozularaq X13 işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməmişdir. Bununla da, X12 İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən nzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqi zamanı Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinən X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas ola biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, şikayət ərizəsində Samux rayon Qaraağaclı qəsəbəsi tam orta məktəbin direktoru Şahid işçi Elbir Əhmədovun işdən azad olunma barədə əmrini Daşkəsən Regional Təhsil İdarəsinin mühasibatlığına 29 noyabr 2024-cü il tarixdə təqdim etməsi göstərilmiş və bu haqda şikayətə akt və həmin gün də işçiyə ödənişlərin verilməsi haqqında çıxarış əlavə edilsə də, məhkəmə həmin aktı mötəbər sübut kimi qəbul etmir. Çünki həmin aktda onu təqdim edən şəxsin yəni Samux rayon Qaraağaclı qəsəbəsi tam orta məktəbin direktoru Şahid imzası yoxdur. Həmçinin Şahid məhkəmə iclasında şahid qismində dindirilərkən bildirmişdir ki, onun tərəfindən hər hansı akt tərtib edilməmiş, şəxsən işçinin işdən çıxarılması barədə məlumatı həmin gün, yəni xx.xx.2024-cü il tarixidə təhsil idarəsinin mühasibatlığına zəng edərək bildirmiş, lakin idarə tərəfindən heç bir reaksiya verilməmişdir. Odur ki, 23 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır. Bununla da X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. - 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: - 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; - 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; - 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; İş üzrə istinad edilmiş və yaranmış münasibətləri tənzimləyən hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X10 tərəfindən tərtib edilmiş 23 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə X6 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin 23 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar