Məhkəmə qərarları › İş №3(125)-4421/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4421/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4421/2025 01.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-895/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 19668,5 manat borc alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbi icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Borcluda tələbin yönəlməsi üçün əmlak və gəlirlərlə bağlı elektron icra informasiya sisteminə sorğular verilmiş və borcluda tələbin yönəlməsi üçün əmlak və gəlir aşkar edilməmişdir. Borclu borcundan ayın sonuna kimi 1000 manat ödəyə biləcəyini və daha sonra hər ay 500 manat ödəyə biləcəyini izahatında qeyd edir, lakin tələbkar Zərərçəkmiş şəxs bununla razılaşmır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş borclu tələbi icra etməkdən qərəzli olaraq imtina etmiş və tələbi yerinə yetirməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq protokolu tərtib etmiş şəxs və tələbkar şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Şəxs çıxışında dekabr ayının 12-də aylıq əmək haqqını alacağını və eyni zamanda lotoreya oynadığını qeyd edərək lotoreyanın pulunuda götürüb borcundan ödəniş edəcəyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq o, 600 manat əməkhaqqı aldığını, oğlunun isə 450 manat əmək haqqının aldığını bildirmişdir. Sonda ödəniş etməsi üçün dekabr ayın 20-nə kimi ona vaxt verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-895/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsini icra etmir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-895/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 19668,65 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs icra qeydini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 8(125)-665/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. - Borclunun xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatında borcunu ödəməməsini xəstə olması və maddi imkanının olmaması ilə əsaslandırmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, borclunu dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar