Məhkəmə qərarları › İş №3(125)-4434/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4434/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4434/2025 20.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 1-ci Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin qarşısında ucadan nalayiq ifadələr işlətmiş və ondan sakitləşməsini tələb edən BPİ-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən sahə rəisi X3 protokola əsasən çıxış edərək bildirmişdir ki, Şəxs sosial şəbəkədə qanunsuz çağırışlar etdiyi üçün Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən dəvət edilmiş, ona dəvət edilmənin səbəbini izah edilən zaman özünü aqressiv göstərərək səs-küy salmış və BPİ-nin əməkdaşlarına tabesizlik göstərmişdir. Sonda protokolun təmin olunmasını və Şəxs inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, himayəsində 2 azyaşlı övladları var, ehtiyyatda olan zabitdir, İİİ qrup əlildir. Belə ki, 2014-cü ildə avqust, 2016-cı ildə aprel, 2020-ci ildə Vətən müharibəsi, 2021-ci ildə isə Tarix döyüşlərində iştirak etmiş və ona cənab Prezident, Baş nazir və Müdafiə naziri tərəfindən medal və orderləri ilə təltif edilmişdir. Bildirir ki, “Facebook” sosial şəbəkəsində Sosial Müdafiəsi Nazirliyinin binasının qarşısında bir nəfər qazini mülki və polis geyimində bir neçə şəxslər tərəfindən döyüldüyünü görmüş və həmin videonun altında “şərəfiz niyə döyürsüz” deyə şərh yazmışıdır. O,həmin vaxt qazini köməksiz vəziyyətdə gördükdə özündən çıxıb koment yazdığını bildirmişdir. Bu səbəblə onu polis idarəsinə dəvət etmişlər. O, idarəyə getmiş və polisə qarşı tabesizlik göstərmədiyini vurğulamışdır. İfadəsinin sonunda polis idarəsində aqressiv olduğunu və ucadan danışdığını etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X2 çıxış edərək bildirmişdir ki, Şəxs sosial şəbəkədə qanunsuz çağırışlar etdiyi üçün polis idarəsinə dəvət edilmişdir. O, idarənin həyətində yüksək səslə narazılığını bildirdikdə onu nizam-intizama dəvət etmişlər, lakin öz çirkin əməllərini davam etdirmişdir. Sədrlik edənin sualına cavab olaraq onun sosial şəbəkədə polisin ünvanına nalayiq ifadələr işlətdiyini bildirmiş, lakin nalayiq ifadənin nədən ibarət olmasına dair suala cavab verə bilməmiş, həmçinin hadisənin görüntülərini təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X4 çıxış edərək bildirmişdir ki, Şəxs sosial şəbəkədə polisin ünvanına nalayiq ifadələr işlətdiyinə görə idarəyə dəvət olunmuşdur. O, idarədə özünü qeyri səmimi apararaq xoşa gəlməz ifadələr işlətmişdir. Sədrlik edənin sualına cavab olaraq polisin qanun tələbinə tabesizilik gösətməsinin nədən ibarət olmasını izah edə bilməmiş, bu haqda hər hansı səs yazı, videomateriları olmadığını bildirmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki hallarından və Şəxs məhkəmə iclasında verdiyi izahatdan, həmçinin sahə rəisi X1 və şahid ifadələrindən görünür ki, o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələblərinə tabesizlik göstərməmişdir. Çünki şahidlərə məhkəmə iclasında suallar verilərkən onlar tabesizliyin nədən ibarət olmasını izah edə bilməmiş, ümumi sözlər və fikirlər ilə verilən sualları cavablandırmışlar. Bununla da, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması sübuta yetirilməmiş, onun polisin qanuni tələblərinə tabesizlik göstərməsini təsdiq edən mötəbər sübutlar - yəni, vsideo görüntü, səs yazısı və sair iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə Şəxs sosial şəbəkədə polisin ünvanına nalayiq ifadələr işlətməsini bildirsələr də, həmin ifadənin nədən ibarət olmasına aydınlıq gətirə bilməmişlər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokolda Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozduğu polisin qanuni tələbinə qəsdən tabe olmadığı göstərilsə də, lakin onun polisin qanuni tələblərinə tabe olmaması hər hansı sübutla (kamera görüntüləri, səs yazısı) təsdiq edilmir, onun həqiqətən də onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə tabe olmaması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, 2014-cü ildə avqust, 2016-cı ildə aprel, 2020-ci ildə Vətən müharibəsi, 2021-ci ildə Tarix döyüşlərində iştirak etməsini, onun medal və orderlərlə təltif edilməsini, İİİ dərəcəli əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12:55-də inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Şəxs oğlu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar