Məhkəmə qərarları › İş №3(125)-445/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-445/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-445/2022 19.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 nümayəndəsi X3 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli, EQ 10137573 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli EQ 10137573 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, guya 07 iyun 2022-ci il tarixində saat 13:37 radələrində istifadəsində olan “KİA OPTİMA” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi ilə hərəkətdə olarkən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə olunmuşdur. Qeyd edilən vaxt o, ümumiyyətlə Gəncə şəhərində olmamışdır, ailə üzvləri ilə birlikdə Qəbələ rayonunda olmuşdur. Həmin cərimənin hansı vaxt və ya hansı şəraitdə yazılması barədə Gəncə şəhər Baş Polis İdarəsinin X1 video və foto çəkilişlərini və hansı tarixdə çəkilməsinin tarixinin verilməsini xahiş etmişdir. Oradan ona bildirilib ki, həmin sübutlar ilə onu tanış edə bilməzlər, belə ki, bütün materiallar Polis şöbəsinin dəftərxanasındadır. Hesab edir ki, yazılmış inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və ləğv edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında 07 iyun 2022-ci il tarixli EQ 10137573 nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş X2 nümayəndəsi X5 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə onun qardaşı X4 ümumiyyətlə Gəncə şəhərində olmamış və idarə etdiyi avtomobillə qeyd edilən inzibati xətanı törətməmişdir. Çünki, Azərbaycan Respublikasının İXM-nin 61.1.8-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ olmasına baxmayaraq, onun rəsmi müraciətinə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət X7 verilən cavabda qeyd edilmişdir ki, toplanmış material Gəncə şəhər BPİ-nin DYPŞ-nin dəftərxanasında işə alınmışdır. Qeyd edilənlərin nəzərə alınmasını və barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli, EQ 10137573 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin nümayəndəsinin izahatını dinləyərək, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli EQ 10137573 nömrəli elektron qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə “Kia Optima” minik markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şeyx Bahəddin küçəsində hərəkətdə olarkən əks istiqamətdə hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozduğuna, yəni Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə elektron qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 (altımış) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 vətəndaş X2 müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, mövcud qanunvericiliyin tələblərinə görə barəsində xx.xx.2022-ci il tarixdə tərtib olunmuş EQ 10137573 saylı elektron inzibati protokol qanunamüvafiq olduğundan, toplanmış material Gəncə şəhər BPİ-nin DYPŞ-nin dəftərxanasında işə alınmışdır. Əks halda narazı qaldıqda məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 vətəndaş X2 müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, səlahiyyətli orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını təmin etməmiş, həmçinin inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmədə baxılan müddətdə qərarın qanuniliyi və əsaslığı ilə bağlı sübutları təqdim etmək qərardan şikayət vermiş şəxsin vəsatəti əsasında məhkəmə tərəfindən Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X7 xahiş olunmuş və bu məqsədlə məhkəmə iclası bir neçə dəfə təxirə salınmışdır. Lakin 16 sentyabr 2022-ci il tarixə, 27 sentyabr 2022-ci il tarixə, 06 oktyabr 2022-ci il tarixə, 18 oktyabr 2022-ci il tarixə və 19 oktyabr 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq səlahiyyətli orqan öz nümayəndələrinin iştiraklarını təmin etməməklə yanaşı, həmçinin mübahisələndirilən qərarın qanuniliyinə və əsaslığına dair möhtəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X2 həmin tarixdə inzibati xəta törətməsini təsdiq edən möhtəbər sübutlar iş materiallarında öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublkası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublkası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublkası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublkası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X2 barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli, EQ 10137573 saylı inzibati xəta haqqında qərar ləğv edilməli, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X2 barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli, EQ 10137573 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar