Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-446/2023 05.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: 02 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Şəxs idarə etdiyi “Opel Vectra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Abbas Səhhət istiqamətində hərəkətdə olarkən Gəncə şəhər prokurorluğunun inzibati binasının qarşısında yolu sol tərəfdən sağ tərəfə keçmək istəyən piyada Gəncə şəhər sakini Zərərçəkmiş şəxs vuraraq sonuncunun sağ bud nahiyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi, sol təpə nahiyəsinin qançırı-şişkinliyi, hər iki diz, sol said, sol çiyinin nahiylərinin əzilməsi ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis leytenantı X2 noyabr 2022-ci il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 02 sentyabr 2022-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi Opel Vectra markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə “Xanımın dükanı” adlanan tərəfdən Abbas Səhhət istiqamətində təxminən saatda 55-60 km sürətlə yolun ortasından çəkilmiş qoşa xəttlərin yanı ilə hərəkət edirdi. Həmin vaxt onunla eyni istiqamətdə qarşı tərəfi ilə və arxasınca da markalarını, dövlət qeydiyyat nişanlarını bilmədiyi avtomobillər hərəkət edirdilər. Həmin vaxt sonuncunun yanında, avtomobilin ön sağ oturacağında iş yoldaşı Zaur adlı şəxs də olmuşdur. O, yolların kəsişməsinə yaxınlaşdığı üçün idarə etdiyi avtomobilin suətini bir qədər də azaltmış və ayağını əyləcin üzərində hazır vəziyyətdə saxlamışdır ki, əgər işıqforun qırmızı işığı yanarsa, yaxud yolayrıcında tıxac olarsa, qarşısındakı avtomobillə ara məsafəsini saxlamağı üçün dərhal əyləci basa bilsin. Həmin vaxt sonuncunun qarşısında markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi hündür yolsuzluq avtomobili hərəkət edirdi və həmin avtomobillə onun ara məsafəsi təxminən 4-4,5 metr olardı. O, təxminən 55-60 km sürətlə hərəkətdə olan vaxt yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən alçaq boylu qadın və yanında da bir nəfər oğlan uşağı qəfildən qaçaraq onun qarşısına çıxmışlar, həmin vaxt onlarla sonuncu arasında təxminən 1,5 metr məsafə olardı. Qadının yanındakı uşaq isə əlini anasından buraxıb yolun sağ tərəf kənarına doğru qaçıb getdi. O, qadını vurmamaq üçün dərhal əyləci basıb sükanı sol tərəfə doğru istiqamətləndirsə də hadisədən qaça bilməyib avtomobilin sağ yan güzgüsü həmin qadının sağ tərəfinə dəymiş və qadın yerə yıxılmışdı. Bundan sonra sonuncu idarə etdiyi avtomobili yolun ortasından çəkilmiş qoşa xəttlərin üzərində çəpinə doğru dayandırıb yanında əyləşən Zaurla birlikdə yerə düşmüş, dərhal qadını yerdən qaldırıb avtomobilinin arxa oturacağına əyləşdirmişdirlər, Zaur da həmin qadının yanında arxa oturacaqda əyləşmiş, qadının oğlu isə sonra avtomobilin ön sağ oturacağında əyləşmişdir. O, qadını Xəstəxanaya aparmağı təklif edəndə qadın ciddi xəsarət almadığı üçün Xəstəxanaya getmək istəmədiyini, onu evinə aparmağını ona bildirmişdir. Bundan sonra o qadını Gəncə şəhəri 36 saylı orta məktəbin yaxınlığında yerləşən evinə aparmışdır. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis leytenantı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında noyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X7 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli, 1630 nömrəli rəyindən məlum olmuşdur ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ bud nahiyyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi, sol təpə nahiyəsinin qançırı-şişkinliyi, hər iki diz, sol said, sol çiyin nahiyələrinin yaraları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022-ci tarixdə əmələ gələ bilər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hazırkı inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermiş, həmin hadisə üzrə aparılmış araşdırma nəticəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar noyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsindən üç aydan artıq müddət keçmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb olmuş əməllərə görə inzibati tənbeh cinayət işinin başlanmasının rədd edildiyi barədə qərarın qəbul edildiyi gündən üç ay keçənədək verilməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbini, həmin müddətin başa çatdığını və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 111-112, 114-115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-446/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-446/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver