Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-448/2022 07.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə Regional Ərazi Şöbəsinin nümayəndələri X4 və X16, Vəzifəli şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-nin Gəncə Telekommunikasiya İdarəsinin nümayəndəsi X3, Şikayət vermiş şəxs Gəncə Telekommunikasiya İdarəsinin rəisi X10 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X10 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə Regional Ərazi Şöbəsinin 09 avqust 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə Regional Ərazi Şöbəsinin 09 avqust 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə Telekommunikasiya İdarəsinin (bundan sonra-İdarə) işçisi X1 Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı məktubda onun aprel ayından iş vaxtından artıq işə cəlb olunduğunu və artıq işlədiyi iş saatına görə əlavə haqqın hesablanmasında qanunvericiliyin tələblərinin pozulduğunu bildirmişdir. X5 müraciəti əsasında X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən əmək haqqının ödənilməsində qanunvericiliyin tələblərinin pozulması müəyyən edilərək X17 barəsində MN serialı ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokol tərtib edilmiş, xx.xx.2022-ci il tarixdə, MN 129255 nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə həmin məcəllənin 114.1.1-ci maddəsinə əsasən 1300 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati tənbeh vermə haqqında məlumat xx.xx.2022ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aztelekom MMC-nin k/ə 1739 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə X2 əmək müqaviləsinə xitam verilməklə, o, xx.xx.2022-ci il tarixində İdarənin rəisi vəzifəsindən azad edilmişdir. Aztelekom MMC-nin k/ə 1753 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə İdarənin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası X13 həvalə edilmişdir. Bundan başqa İdarənin işçisi X12 ilə bağlanmış əmək müqaviləsinə əsasən işçiyə uçot dövrü illik aparılmaqla iş vaxtının cəmlənmiş uçotu tətbiq edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 29 iyul 2001-ci il tarixli 9-1 N-li Qərarı ilə təsdiq edilmiş “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə İzahat”ın 2-ci bəndinə əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi məbləğində əlavə haqq müəyyən edilir. X5 aylıq tarif (vəzifə) maaşının 310 manat olmasını və aprel ayında 56 saat gecə vaxtı işlədiyini nəzərə alaraq, ona ümumilikdə mart ayı üçün 358.22 manat əməkhaqqı hesablanmış və tutulmalar çıxılmaqla 312.79 manat əməkhaqqı ödənilmişdir. X6 ilə bağlanmış əmək müqaviləsində, nə də Kollektiv müqavilədə gecə vaxtı yerinə yetirilən işə görə işçiyə ödəniləcək məbləğin faizi qeyd olunmamışdır. Belə olan halda işəgötürən Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə" 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərarını və bu qərarla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 29 iyul 2001-ci il tarixli 9-1 N-li Qərarı ilə təsdiq edilmiş “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə İzahat"ını əsas götürərək gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi məbləğində əlavə haqq ödəməlidir. Növbəti aylar üzrə əməkhaqqının hesablanması və ödənilməsi məhz eyni qaydada həyata keçirilmiş, bununla da X8 gecə vaxtı yerinə yetirdiyi işə görə qanunvericiliklə müəyyən edilmiş məbləğlərdən az olmayaraq əlavə haqq ödənilmiş və əmək haqqının ödənilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa İdarədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunan 2022-ci ilin istehsalat təqvimi ilə müəyyən edilən aylar, rüblər və il üzrə iş saatının miqdarı nəzərə alınmaqla iş və fəaliyyətin davamlılığının, fasiləsizliyinin təmin olunması məqsədilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilir və bu müddəalar X12 ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə 1 saylı əlavədə müəyyən edilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, 2022-ci il üzrə 1921 saat illik iş vaxtının norması müəyyən edilmişdir və İdarə üzrə qeydiyyat (uçot) dövrü illik olaraq aparılır. Yəni, iş vaxtından artıq işə cəlb etmə olduğu halda, istehsalat təqvimi ilə müəyyən edilən illik iş saatlarını keçən hər bir işçiyə artıq vaxt ərzində görülən işin hər saatı üçün əməkhaqqı Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməsi təmin edilir. Yuxarıda qeyd olunanlara əsasən, hazırda Əsədli Nicat 2022-ci il üzrə 1921 saat illik iş vaxtının normasından artıq işləməmişdir. Onunla bağlanmış Əmək Müdqaviləsinin 1 saylı əlavəsində də qeydiyyat (uçot) dövrünün illik aparıldığı qeyd olunduğu nəzərə alınaraq, Əsədli Nicat illik iş vaxtı normasını keçdiyi halda ona işlədiyi hər bir artıq saat üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda əlavə ödəniş ediləcəkdir. Məhkəmənin əvvəlki iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə Regional Ərazi Şöbəsinin nümayəndəsi X14 inzibati tənbeh vermə haqqında qərarda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, vətəndaş Nicat Əsədlinin müraciəti əsasında X7 əməkdaşları tərəfindən müvafiq yoxlama keçirilmiş, yoxlama zamanı vətəndaşın müraciətində qeyd etdiyi məsələlər öz təsdiqini tapmışdır. Belə ki, yoxlama zamanı əldə edilmiş aylıq tabel çıxarışlarında şəxsin iş vaxtından artı işə cəlb edildiyi təsdiq olunur. Nicat Əsədlinin iş vaxtından artıq işə cəlb edilməsi və əməyinin ödənilməməsi öz təsdiqini tapdığından protokolu əsaslı hesab edərək müdafiə etdiyini bildirdi. Məhkəmənin sonrakı iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə Regional Ərazi Şöbəsinin nümayəndəsi X20 inzibati tənbeh vermə haqqında qərarda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, faktın müəyyən edilməsində şəxsən iştirak etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı əsaslı hesab edərək müdafiə edir. Belə ki, Nicat Əsədlinin onun iş vaxtından əlavə işə cəlb edilməsinə görə əməyinin ödənilməməsinə dair şikayətini araşdırarkən müəssisədaxili yerində yoxlama həyata keçirilməmiş, şikayətin əsaslılığı, barəsində icraat aparılan müəssisənin göndərdiyi sənədlər çərçivəsində yoxlanılmışdır. Sənədlərə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş tabeldə Əsədli Nicatın aylıq iş şaatları 2022-ci il üçün təsdiq edilmiş İstehsalat Təqviminin müvafiq aylar üçün müəyyən edilmiş iş saatlarının yuxarı həddindən artıqdır. Hər təqvim ayının sonunda iş vaxtından artıq işə cəlb edilməyə görə müvafiq pul əlavəsi ödənilmədiyindən verilmiş inzibati tənbehvermə haqqında qərarı əsaslı hesab edir. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlayaraq şikayətin təmin edilməməsini xahiş etdi. Vəzifəli şəxsi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-nin Gəncə Telekommunikasiya İdarəsinin nümayəndəsi X9 bildirdi ki, şikayət vermiş işçi Nicat Əsədli həqiqətən də iş vaxtından artıq işə cəlb edilmişdir. X24 eyni şöbədə çalışan işçilərin birinin vəfatı ilə bağlı olmuşdur. "xxxx" MMC-nin Gəncə Telekommunikasiya İdarəsi fasiləsiz iş rejimində fəaliyyət göstərdiyindən vəfat etmiş işçinin yerinə işçi təyin olunanadək digər işçilər tabeldə göstərildiyi kimi aylıq istehsalat təqvimi normasından artıq işlərə cəlb olunmuşlar. "xxxx" MMC-nin Gəncə Telekommunikasiya İdarəsinin nümayəndəsi olaraq işçinin iş vaxtından artıq işə cəlb edilməsini inkar etmir, lakin onların iş vaxtından artıq cəlb edildiyi saatlara görə ödənişin həyata keçiriləcəyini bildirir. Şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Şikayət vermiş şəxs X10 nümayəndəsi və vəkili Vəkil bildirdi ki, verilmiş inzibati tənbeh vermə haqqında qərarın əsaslılığını təsdiq edən heç bir mötəbər sübut protokol tərtib etmiş orqanın nümayəndələri tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan, verilmiş şikayət ərizəsinin təmin edilərək inzibati xəta üzrə tənbehvermə haqqında Qərarın ləğv edilməsini, inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 09 avqust 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165.1-ci maddəsinin tələbi pozularaq X8 iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı ödənilmədiyi üçün X18 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə 1300 (min üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli 1753 nömrəli əmrin surətindən görünür ki, Gəncə Telekommunikasiya İdarəsinin rəisi vəzifəsi üzrə əmək funksiyasının icrası xx.xx.2022-ci il tarixdən müvəqqəti olaraq həmin idarənin baş mühəndisi X13 həvalə edilmişdir. xx.xx.2019-cu il tarixli 437 nömrəli əmrin surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdən 3 (üç) ay sınaq müddəti ilə 1 il müddətinə EATS-254 xətt sahəsinə 4-cü dərəcəli elektrik montyoru kimi qəbul edilmişdir. Gəncə TKİ və X12 arasında bağlanmış xx.xx.1019-cu il tarixli əmək müqaviləsinə 05 yanvar 2022-ci il tarixli 1 saylı Əlavənin 4.8-ci bəndindən görünür ki, iş vaxtının rejimi baxımından iş vaxtının cəmlənmiş uçotu qaydası müəyyən edilir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İşçi ilə bağlanmış əmək müqaviləsinə 1 saylı Əlavənin 4.8-ci bəndinə əsasən işçi barəsində iş vaxtının cəmlənmiş uçotu qaydası müəyyən edilmişdir. "xxxx" MMC-nin “İş vaxtının cəmlənmiş uçotunun tətbiq edilməsinin tənzimlənməsi haqqında Qaydalar”ın 1.3cü maddəsinin b) bəndinə əsasən uçot dövrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər il üçün təsdiq olunan istehsalat təqvimində qeyd olunmuş iş vaxtı norması nəzərə alınmaqla iş vaxtının cəmlənmiş uçotunun tətbiq edildiyi 1 ildən artıq olmayan dövrdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Məhkəmə hesab edir ki, Qaydaların həmin müddəası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinə tam uyğundur. Gəncə Telekommunikasiya İdarəsinin hər ayın sonunda deyil, uçot dövrünün sonunda iş vaxtından artıq işə cəlb edilmiş işçinin əməyinin ödənilməsini həyata keçirməsi qanunvericiliyə və "xxxx" MMC-nin “İş vaxtının cəmlənmiş uçotunun tətbiq edilməsinin tənzimlənməsi haqqında Qaydalar”a uyğundur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri, tərəflərin izahatlarını və qanunvericiliyin müddəalarını təhlil edərək bu nəticəyə gəlir ki, əmək haqqının hesablanmasında qanun pozuntusuna yol verilməmişdir. Bu baxımdan, əməldə inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən törədilmiş əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X18 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə Regional Ərazi Şöbəsinin 09 avqust 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və onun barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-448/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-448/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver