Məhkəmə qərarları › İş №3(125)-4484/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4484/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4484/2024 17.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, protokolu tərtib etmiş şəxslər - Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis baş leytenantı X3, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi – Göygöl rayon Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1981-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Cəmilli kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510, 535.1 və 528.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən və Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis baş leytenantı X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 17 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli və Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 17 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 17 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 16 dekabr 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, həmçinin sərxoşluq hallarının yoxlanılması üçün narkoloji dispanserə aparılmış və orada ondan alınmış sidik analizindən narkotik vasitə olan AMP (amfetamin) istifadə etməsi məlum olmuşdur. İnzibati xəta haqqında 17 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 46/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Şəxs hər ay 340 manat sabit pul məbləğində aliment tutularaq X5 xeyrinə ödənilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2098/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Şəxs 8950 manat məbləğində pul vəsaiti tutularaq X5 xeyrinə ödənilməlidir. Borclu Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmamış, icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazırda borclunun borc məbləği cəmi 12000 manat təşkil edir. Borclu Şəxs əmlak vəziyyəti araşdırılmış, tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis baş leytenantı X10 protokolun məzmununa uyğun çıxış edərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11 protokolun məzmununa uyğun çıxış edərək, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə baxmayaraq icra sənədinləri icra etməmişdir. O, hazırda borcundan tələbkara heç bir ödəniş edə bilmir. Hal-hazırda borclu Şəxs borcu 12000 (on iki min) manat təşkil edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə ictimai qaydanı pozmayıb, ucadan səs-küy salmayıb, polisin qanuni tələbinə isə tabesizlik göstərməmiş və heç vaxt narkotik vasitə istifadə etməmişdir. O, özünü İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilmir. Həmçinin onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda onun borcu 12000 manat qeyd edilmişdir. Lakin həmin borc düzgün hesablanmamışdır. Belə ki, onun icra məmuruna təqdim etdiyi qəbzlər üzrə etdiyi ödənişlər düzgün hesablanmamış, onun cəmi borcu 8950 manat və ödənilməmiş 5-6 aylıq aliment borcudur. O, hazırda həmin borcundan ödəniş edə bilmir. Həmin borcu hissə-hissə ödəyə bilər. Qeyd edilənləri nəzərə alaraq, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi – Göygöl rayon Vəkil Bürosunun vəkili X15 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə verdiyi ifadəsini təsdiq edərək, həmin şəxsin əməlində İXM-nin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə isə olan borcun Şəxs tərəfindən ödəniləcəyini nəzərə alaraq ona vaxt verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı X2 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü tarixdə Gəncə şəhəri, N.Gəncəvi prospekti, 30 saylı orta məktəbin yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Şəxs Gəncə şəhəri, Yeni Gəncə adlanan ərazidə aşkar olunmuşdur. Bu səbəbdən həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Bu zaman orada həmin şəxs tərəfindən səs-küy olmuş, onu nizam-intizama dəvət etsələr də o hərəkətlərini davam etdirmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Sonra isə Şəxs tərəflərindən polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə şəhəri 2-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 17 dekabr 2024-cü il tarixli, 4488/2024 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs sidiyində AMP (amfetamin) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş xx.xx.2024-cü il tarixli 1986 nömrəli rəydən görünür ki, Şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(040)-46/2021 nömrəli icra vərəqəsinə əsasən 04 fevral 2011-ci ildə doğulmuş X6 və 25 aprel 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Şəxs 07 sentyabr 2020-ci il tarixdən hesablanmaqla və hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aylıq aliment tutularaq, X7 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(040)-46/2021 nömrəli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2098/2022 nömrəli icra vərəqəsinə əsasən birgə nikah dövründə əldə edilmiş “SHAQMAN” markalı ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin 17800 manat satış dəyərinin ½ hissəsi, yəni 8900 manat, eləcə də mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 50 manat cavabdeh Şəxs alınaraq, X7 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-2098/2022 nömrəli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 206-cı maddəsi ilə ona istinad olunan inzibati xəta üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə onun məhkəmə iclasında göstərmiş olduğu xüsusatları obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, sonuncunun məqsədi bilavasitə inzibati məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıdığı üçün onun törətmiş olduğu həmin inzibati xəta məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 528.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Qeyd olunanlarla yanaşı məhkəmə iclasında Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə tabe olmaması iş materialları ilə sübut olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməli və onun barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 528.1-ci maddələri ilə inzibati qaydada tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli olması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xətaların tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün subutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 528.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar, ekspert rəyi və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Bu hissədə inzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 206 və 528.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-nin 206 və 528.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin Məcəllənin daha ciddi xəta hesab edilən 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 528.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206-cı maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 528.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, törətmiş olduğu xətaların xarakterini, həmçinin inzibati xətaların törədilmə şəraitini və üsulunu, o cümlədən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 16 dekabr 2024-cü il tarixdən, saat 19:10-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 48-51, 53, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 528.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 206-cı maddəsinin sanksiyası həddində 01 (bir) ay 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 16 dekabr 2024-cü il tarixdən saat 19:10-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar