Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-449/2022 24.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Şəmkir rayonu A.Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu A.Seyfəli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 23 avqust 2022-ci il tarixdə Şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamışdır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili X2 tərəfindən 24 avqust 2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili X2 izahat verərək bildirdi ki, 23 avqust 2022-ci il tarixdə saat 08:30-da Daxili İşlər Nazirliyi BNMİ və QBRŞ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və üzərində saxlamasında şübhəli bilinən Şəxs Şəmkir rayonu A.Seyfəli kəndində yolun kənarında saxlanılaraq BNMİ QBRŞ-ya gətirilmiş, QBRŞ-da şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Şəxs üzərindən bir ədəd kağız bükümdə təmiz çəkisi 2,53 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da o Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində göstərilən inzibati xətanı törətmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, arabir narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Məhkəməyədək icraat zamanı keçirilmiş narkoloji müayinənin nəticələri ilə razıdır və əməlini səmimi etiraf edir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1547/2022 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 24 avqust 2022-ci il tarixli 1238 saylı rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasından əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təklifdən sonra Şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu, sağ yan cibindən isə bir ədəd KGTEL markalı mobil telefonu çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şəxs üzərindən aşkar olunmuş həmin bir ədəd kibrit qutusuna baxış keçirərkən qutunun içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 avqust 2022-ci il tarixli 16/1002 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,53 qram bitki mənşəli kütlə, təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Şəxs 23 avqust 2022-ci il tarixdə saat 08:30-da şübhəli şəxs qismində tutulmuş, 23 avqust 2022-ci il tarixli qərarla tutulmadan azad edilərək DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsindən sərbəst buraxılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24 avqust 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti QBRŞ-nin aidiyyatı əməkdaşına göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 24 avqust 2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmaçılıq keçirməsi İXM-in 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 77, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 24 avqust 2022-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-449/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-449/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver