Məhkəmə qərarları › İş №3(125)-456/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-456/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-456/2022 02.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X9 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X12 oğlu tərəfindən qəbul edilmiş 06 avqust 2022-ci il tarixli, 01400/1981 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X12 oğlu tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 06 avqust 2022-ci il tarixli, 01400/1981 nömrəli qərara əsasən X9 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 18088 (on səkkiz min səksən səkkiz) manat məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 9044 (doqquz min qırx dörd) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati xəta haqqında qərardan narazı qalan X9 oğlu şikayət verərək, 06 avqust 2022-ci il tarixli, 01400/1981 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X9 oğlu şikayətində bildirmişdir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X8 tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 01 avqust 2022-ci il tarixli, 01400-1879/22 nömrəli protokola əsasən 06 avqust 2022-ci il tarixli 01400/1981 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, “Fiziki şəxs X5 (VÖEN: **********) 2021-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş “tərəvəz” məhsulunun Ukrayna Respublikasına 2 gömrük bəyannaməsi üzrə kosniqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 10640,00 ABŞ dolları (18088,00 manat) məbləğində yükün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur.” Həmin qərar ilə barəsində inzibati xətanın bilavasitə obyekti olan (18088,00 manat) məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 9044 (doqquz min qırx dörd) manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Şimal Ərazi Baş Gömrük İdarəsinin 06 avqust 2022-ci il tarixli 01400/1981 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, onunla Ukrayna Respublikasında fərdi sahibkarlıq ilə məşğul olan fiziki şəxs X4 arasında xx.xx.2021-ci il tarixində 2406/21-21 nömrəli “tərəvəz” mallarının satışı haqqında müqavilə bağlanmışdır. Həmçinin, xx.xx.2022-ci il tarixində həmin şəxs ilə onun və "xxxx" MMC arasında ödəniş məbləğinin onun bank hesabına köçürülməsi barədə 29/07/22-1 nömrəli müqavilə imzalanmışdır. Bundan sonra, həmin mallar Ukrayna Respublikasına tərəfindən verilən etibarnamə ilə Əsəd Soyunov tərəfindən Andrey Savchenkoya təhvil verilmişdir. Qeyd olunan sənədlərin tərtib olunmasına və bütün tərəflərin imzalamasına baxmayaraq, indiyədək ona həmin malların əvəzi olaraq heç bir məbləğ ödənilməmişdir. Bununla bağlı qarşı tərəfdən dəfələrlə malların əvəzinin verilməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, bununla bağlı heç bir tədbir görülməmişdir. Belə ki, həmin şəxslər Ukraynadakı hərbi vəziyyətin və orada gedən döyüşlərin müqavilədə nəzərdə tutulmuş fors-major hal olmasını səbəb göstərirlər və məhz buna görə borcun ödənilməsini gecikdirdiklərini bildirirlər. Qeyd olunanlar səbəbindən tərəfindən yükün müqabilində qaytarılmalı olan məbləğlər müvəkkil bank hesabına köçürülməmişdir. Buna görə də, hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsası məhz vəsaitin əldə edilməsi ilə şərtləndirilir. Vəsaitlər isə tərəfindən əldə edilmədiyi üçün barəsində inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Məhkəmə iclasında iştirak edən X6 şikayətin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq onu da bildirdi ki, qeyd edilən məsələ ilə bağlı şirkətə müraciət etdiyini və həmin pulun xx.xx.2022-ci il tarixdə banka köçürüldüyünü, lakin bu da həmin məsələnin həllinə köməklik etmədiyindən, nəhayət həmin məbləğ xx.xx.2022-ci il tarixdə bank vasitəsi ilə köçürülmüş və məsələ qanun çərçivəsində həllini tapmışdır. Qeyd edilənlərin nəzərə alınaraq onunun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Şimal Ərazi Baş Gömrük İdarəsinə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, eyni zamanda inzibati xəta haqqında material məhkəməyə təqdim edilməmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli 01400/1981 saylı qərar ləğv edilərək iş yenidən baxılması üçün səlahiyyətli orqana geri qaytarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X12 oğlu tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 06 avqust 2022-ci il tarixli, 01400/1981 nömrəli qərardan görünür ki, X9 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutaraq İXM-nin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 18088 (on səkkiz min səksən səkkiz) manat məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 9044 (doqquz min qırx dörd) manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi, Azərbaycan Respublikası vətəndaşı X9 oğlu xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi 10640 ABŞ dolları (18088 manat) məbləğində vəsaiti onun barəsində qəbul olunmuş 01400/1981 saylı qərarın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən etibarən 180 gün ərzində müvəkkil olunmuş bank hesabına köçürülməsi qərara alınmışdır. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, inzibati tənbeh vermə haqqında qərarda fiziki şəxs X6 (VÖEN:**********) 2021-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmləşdirdiyi “tərəvəz” məhsulunun Ukrayna Respublikasına 2 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumlikdə 10640 ABŞ dolları (18088 manat) məbləğində yükün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köşürülmədiyi müəyyən olunmuş, qeyd olunan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı X2 qeydiyyatda olduğu ünvana xx.xx.2022-ci il tarixli, 1700-013/0xxxx/002701 saylı məktub göndərilmiş, lakin X7 çağırış üzrə gəlməmiş və vəsaitlərin köçürülməməsinin səbəbini də bildirməmişdir. Qeyd olunan vəsaitlərin köçürülübköçürülməməsi ilə bağlı Gömrük Əməliyyatları İdarəsinə sorğu verilmiş, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin cavab məktubunda vəsaitlərin köçürülmədiyi qeyd olunmuşdur. Beləliklə də, X7 tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyannamələr üzrə köçürülməli olan 10640 ABŞ dolları (18088 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarın müəyyən etdim hissəsindən aydın şəkildə görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman fiziki şəxs X6 (VÖEN:**********) 2021-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmləşdirdiyi “tərəvəz” məhsulunun Ukrayna Respublikasına 2 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi qeyd olunur, halbuki həmin rəsmləşmənin dəqiq tarixi, yəni ayı, günü və ili, həmçinin 2 gömrük bəyannaməsinin də dəqiq tarixi göstərilməli idi. Bundan başqa X3 bununla bağlı məktub ünvanlandığı göstərilsə də həmin məktubun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən rəsmi şəkildə qəbul edilib-edilməməsi həmin qərardan müəyyən olunmur. O cümlədən qeyd olunan vəsaitlərin köçürülüb-köçürülməməsi ilə bağlı sorğu əsasında əldə edilmiş məktubun hansı tarixli sorğu əsasında əldə edilməsi və hansı tarixli məktub olduğu qeyd edilməmişdir. Həmçinin, Şimal Ərazi Gömrük Baş İdarəsinin nümayəndəsinin iştirakının və həmin inzibati xəta haqqında materialın məhkəməyə təqdim edilməsi üçün dəfələrlə iş üzrə məhkəmə iclasları təxirə salınmasına baxmayaraq, səlahiyyətli orqan məhkəmə iclasında iştirak etmək üçün öz nümayəndəsini, o cümlədən həmin iş materiallarını məhkəməyə göndərməmiş, yalnız xx.xx.2022-ci il tarixli 1700-013/0xx-xx/004188 və xx.xx.2022-ci il tarixli 1700-013/0xxxx/004614 saylı məktubları məhkəməyə ünvanlamaqla inzibati tənbeh vermə haqqında qərarı müdafiə edərək onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə müddətlər mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə tarixlərin qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21.1-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X9 oğlunun Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X12 oğlu tərəfindən qəbul olunmuş 06 avqust 2022-ci il tarixli, 01400/1981 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar