Məhkəmə qərarları › İş №3(125)-4562/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4562/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4562/2024 19.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.1987-ci ildə doğulmuş,evli, ünvan 1 ünvanında yaşayan, Şəxs tələbkar X6 məxsus dəyəri 3100 manat olan 583/585 əyar, 40 qram çəkidə 5 ədəd qolbaq; dəyəri 3380 manat olan 583/585 əyar, 55 qram çəkidə 6 ədəd boyunbağı; dəyəri 2800 manat, 583/585 əyar, 36 qram çəkidə 3 ədəd dəst (sırğa və üzük); dəyəri 2400 manat olan 583/585 əyar, 30 qram çəkidə 5 ədəd üzük; dəyəri 960 manat, 583 əyar, 12 qram çəkidə 3 ədəd kulon; dəyəri 960 manat, 583/585 əyar, 12 qram çəkidə 2 cüt sırğa; dəyəri 800 manat 583 əyar, 15 qram çəkidə 1 ədəd saatdan ibarət qızıl-zinət əşyaları naturada, bu mümkün olmadıqda isə onların dəyəri alınaraq tələbkar X6 verilməlidir. Borclu Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmamış, icra sənədinin icrasını təmin etməmişdir. Şəxs borcu 14400 manat təşkil edir. Borclu Şəxs əmlak vəziyyəti araşdırılmış, tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X7 protokolun məzmununa uyğun çıxış edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu şəxs Şəxs tələbkar şəxsə iki dəfə ödəniş etdiyini, lakin əlində sübut olmadığını qeyd etmişdir. Hazırda isə ödəniş etməyə imkanı olmadığını və barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. X1 ifadəsində Şəxs heç bir gəliri olmadığını, himayəsində iki uşağın olduğunu, borcu ödəməyə imkanı olmadığını bildirərək barəsində iş üzrə icraata xitam verilməsini, bu mümkün olmadığı təqdirdə isə cərimə növündə inzibati tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Gəncə Şəhər Məhkəməsinin 2(125)-1042/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar X6 məxsus olan, dəyəri 3100 manat olan 583/585 əyar, 40 qram çəkidə 5 ədəd qolbaq; dəyəri 3380 manat olan 583/585 əyar, 55 qram çəkidə 6 ədəd boyunbağı; dəyəri 2800 manat, 583/585 əyar, 36 qram çəkidə 3 ədəd dəst (sırğa və üzük); dəyəri 2400 manat olan 583/585 əyar, 30 qram çəkidə 5 ədəd üzük; dəyəri 960 manat, 583 əyar, 12 qram çəkidə 3 ədəd kulon; dəyəri 960 manat, 583/585 əyar, 12 qram çəkidə 2 cüt sırğa; dəyəri 800 manat 583 əyar, 15 qram çəkidə 1 ədəd saatdan ibarət qızıl-zinət əşyaları naturada, bu mümkün olmadıqda isə onların dəyəri alınaraq tələbkar X6 verilməlidir. -xx.xx.2023 tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. -xx.xx.2024-cü il tarixli “borclunun axtarılması haqqında” qərar qəbul edilmişdir. -borclu Şəxs xx.xx.2024-cü il tarixində izahat verərək heç bir yerdə işləmədiyinə görə ödəniş edə bilmədiyini qeyd etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə X1na işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 18 (on səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə X1na işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 18 (on səkkiz) manat məbləğində pul ödənilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar