Məhkəmə qərarları › İş №3(125)-4565/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4565/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4565/2025 26.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanda bacısı X3 vurub ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X6 çıxışında hadisəni görmədiyini, protokolu isə təhqiqat bölməsinin verdiyi qərar əsasında tərtib etdiyini bildirmişdir. Daha sonra qeyd etmişdir ki, Şəxs və Hüseynova Esmira bacı qardaşdır, onlar arasında mülki mübahisə olduğundan mütamadi olaraq aralarında münaqişə olur. O, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Şəxs çıxışında bildirmişdir ki, heç bir yerdə işləmir, bacıları ilə aralarında mülki mübahisə var, o, paylı mülkiyyətçidir, bacıları ondan pul müqabilində mülkiyyət payını istəyirlər, əks halda onu tutduracaqları ilə hədələyirlər. Sonda bacısı E.Hüseynovanı döymədiyini, bacısının onu şantaj etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 çıxışında bildirmişdir ki, 05 noyabr 2025-ci il tarixdə səhər saatlarında işə gedərkən qardaşı arxadan üzərinə nəcisli su atmış və bu zaman qaçıb həyətdən çıxmışdır. Daha sonra qışqırıq səsi eşitdikdə dərhal evə qayıtmış və qardaşı İsmayılın bacısı Gülmiranı vurduğunu görmüşdür. O, həmin vaxt bacısı Gülmiranı İsmayılın əlindən almaq istəyəndə qardaşı İsmayıl Gülmiranı buraxıb onu tutmuş və ona təpik şillə vurmuşdur. Sədrlik edənin sualına cavab olaraq hadisə zamanı bədəninin müxtəlif nahiyyələrininin əzilməsini qeyd etmiş, lakin bununla bağlı hər hansı sübutun olmadığını və müayinədən keçmək üçün Məhkəmə Tibbi Ekspertizasına getmədiyini bildirmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs tərəfindən Esmira Hüseynovanı döyməsi sübuta yetirilməmiş, onun inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. İnzibati protokol Hüseynova Esmira və bacısı Hüseynova Gülmiranın izahatları və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar əsasında tərtib edilmişdir. Şəxs inzibati xətanı törətməsində təqsirini sübuta yetirmək üçün inzibati araşdırma aparılmamışdır. Bundan başqa X4 hər hansı xəsarətin yetirilməsini təsdiq edən (ekspert rəyi, iş üzrə şahidlər) mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən döymə faktı sübuta yetirilməmişdir. Belə olan halda Şəxs Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri müəyyən olunmur. Həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün imperativ şərt olan “döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyi”nə dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Polis sahə rəisi Xəyal Səfərov Şəxs təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmişdir. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanının (vəzifələri şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəməyə təqdim edilmiş materiallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs Esmira Hüseynovanı döyməsi və ona qəsdən fiziki ağrı yetirməsi öz təsdiqini tapmamış və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qanuna görə belə sübutları məhkəməyə təqdim etmək vəzifəsi isə bu icraatı başlamış şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 106, 110- 118 və 128-133-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar