Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4566/2024 27.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 24948204 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24948204 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Gəncə dəmir yolu vağzalının qabağında qanuni parklanma yerində avtomobilini saxlamış, buna baxmayaraq DYP-yə məxsus **-YP-*** dövlət nişanlı avtomobildə həmin tarixdə növbədə olan DYP əməkdaşları tərəfindən ona qeyri-qanuni olaraq EQ 24948204 nömrəli elektron qərar tərtib edilmişdir. Gəncə şəhər DYPŞ-dən ona verilən qərarda həmin ərazinin şəkli təsvir edilmişdir. Lakin işarənin biri çəkilməmişdir. O, həmin ərazidə yerləşən hər iki işarənin şəklini çəkib ərizəsinə əlavə etmişdir. Həmin ərazinin onda video-görüntüsü də var. Qeyd edilənlərə əsasən ərizəsinə baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, həmçinin ərizə təqdim edib, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24948204 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla razı deyil, o, heç bir inzibati xəta törətməmiş, avtomobilini parklanma üçün icazə verilən yerdə saxlamışdır. DYP əməkdaşı qərar qəbul edərkən çəkdiyi foto-şəkildə yalnız yol nişanını çəkməklə kifayətlənmişdir. Bu səbəbdən həmin qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, DVD diskə baxış keçirərək, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 24948204 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 (iyirmi) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Həmin maddənin mənasından aydın olur ki, inzibati xəta tərkibi İnzibati Xətalar Məcəlləsinin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə yaranır. Məhkəmə iclasında qərardan şikayət verən şəxs isə bildirdi ki, o, dayanma və durma qaydalarını pozmamış, nəqliyyat vasitəsini parklanma üçün nəzərdə tutulmuş yerdə saxlamış və buna görə də o, qeyd edilən inzibati xətanı törətməmişdir. Bununla yanaşı inzibati tənbeh vermə haqqında elektron qərarda olan şəkillərdən də aydın şəkildə görünür ki, nəqliyyat vasitəsinin şəkili durma qaydalarını pozmağa görə nişanı ilə birlikdə çəkilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin elektron qərarda olan şəkillərlə İXM-nin həmin maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranmasını müəyyən etmək mümkün olmadığından nəqliyyat vasitəsini qeyd edilən yerdə saxlamaqla İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən sübutların inzibati xəta haqqında işə əlavə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın üzərinə qoyulsa da, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 24948204 nömrəli elektron qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-4566/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4566/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver