Məhkəmə qərarları › İş №3(125)-457/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-457/2022

01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-457/2022 01.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X22 nümayəndəsi X7 iştirakı ilə, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X26 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Gəncə şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçmədiyi halda praktik tibb fəaliyyətinə buraxılmasına görə hüquqi şəxs “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X22 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bu barədə Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən 24 avqust 2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X4 izahat verərək bildirdi ki, X13 xx.xx.2022-ci il tarixdə Gəncə şəhər prokurorluğuna müraciət edərək həkim Şərafət Hüseynova tərəfindən oğlu X8 çürük dişi ilə birlikdə digər sağlam dişinin də səhfən çıxarılmasını, bu səbəbdən həkim barəsində qanunamüvafiq qaydada tədbir görülməsini və dəymiş ziyanın kompensasiya edilməsini xahiş etmişdir. Həmin məlumat xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində X5 çürük dişi ilə birlikdə digər sağlam dişinin də səhfən çıxarılmasında həkim Ş.Hüseynovanın təqsiri müəyyən edilməmiş, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, material üzrə araşdırma zamanı Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə zidd olaraq X3 qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçmədiyi halda praktik tibb fəaliyyətinə buraxılması öz təsdiqini tapmış, ona görə də “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X26 barəsində Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Göstərilənlərə əsasən məhkəmədən “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X26 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X22 nümayəndəsi X12 izahat verərək bildirdi ki, o, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X22 nəzdində fəaliyyət göstərən Səhiyyə işinin təşkili şöbəsinin stamotoloji poliklinika bölməsinin müdiri vəzifəsində çalışır. Gəncə şəhər 2 nömrəli X6 nəzdində fəaliyyət göstərən 2 saylı uşaq poliklinikasında diş həkimi vəzifəsində çalışan X11 X16 diş həkimi ixtisası (orta təhsil) üzrə bitirmişdir. 01 yanvar 2021-ci il tarixdə Gəncə şəhərində İcbari Tibbi Sığorta tətbiq olunarkən diş həkimi ixtisasında çalışan mütəxəssislər praktik tibb fəaliyyətinə buraxılmamışdır və bu barədə Ş.Hüseynovanın ünvanına müəssisə tərəfindən yazılı bildiriş göndərilmişdir. Bununla əlaqədar Səhiyyə Nazirliyinə müraciət edilmiş, cavab məktubunda bildirilmişdir ki, vəzifələrin nomenklaturası siyahısına uyğun olaraq həkim-stomatoloq vəzifəsində ali tibb təhsilli mütəxəssis işləyə bilər. Rusiya X21 orta ixtisas təhsili verən təhsil müəssisəsi olduğuna görə Ş.Hüseynova ixtisasartırma kurslarında iştirak edə bilmir və sertifikat ala bilmədiyi üçün praktik tibb fəaliyyətinə buraxılmır. 2014-cü ilədək sertifikasiya tətbiq olunmurdu və orta ixtisas təhsili verən müəssisələri bitirən diş həkimləri sertifikasiyaya ehtiyac olmadan tibb fəaliyyətinə buraxılırdı, 2014-cü ildən etibarən isə sertifikasiya tətbiq olunarkən Əmək Məcəlləsinin 64- 65-ci maddələrinə əsasən sertifikasiyası olmayan Ş.Hüseynovanı işdən azad etmək mümkün olmamışdır. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X26 tərəfindən Ş.Hüseynovaya yazılı və şifahi şəkildə bildirilmişdir ki, “sertifikasiyadan keçmədiyi üçün tibb fəaliyyətinə buraxılmır”. Onun xəstəyə tibbi müdaxilə etməyi ilə bağlı münasibət bildirmədi. Təmsil etdiyi “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X22 inzibati məsuliyyətə cəlb edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X26 vergi ödəyicisidir. (VÖEN **********) İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ПТ seriyalı 272482 nömrəli diplomun surətindən görünür ki, X9 1990-cı ildə Rusiya Federasiyasının “X21”-nin müalicə işi fakultəsini “diş texniki” ixtisası üzrə bitirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsinin surətindən görünür ki, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X18 direktoru X14 ilə X9 arasında bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən Ş.Hüseynova diş həkimi vəzifəsinə təyin edilmiş, öz ixtisası üzrə müasir profilaktika və müalicə üsullarından istifadə etmək onun əmək funksiyası kimi qeyd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X26 tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tövsif olunmuşdur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci bəndinə əsasən sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Gəncə şəhər 2 nömrəli X6 nəzdində fəaliyyət göstərən 2 saylı uşaq poliklinikasında diş həkimi vəzifəsində çalışan X1 keçmədən praktik tibbi fəaliyyətlə məşğul olmuşdur. Bu halda onun sertifikasiyadan keçməməsi onunla bağlanmış əmək müqaviləsinin ləğvi üçün əsas olsa da, X27 hərəkətsizlik göstərərək əmək müqaviləsini ləğv etməmiş, Şərafət Hüseynovanı yalnız serfikasiyadan keçmiş tibb işçilərinin məşğul olması yol verilən praktik tibb fəaliyyətinə buraxmışdır. Beləliklə AR İXM-nin 215.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X22 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X22 Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X26 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar