Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4575/2024 23.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 23 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-2062/2024 saylı 14 may 2024-cü il tarixli icra sənədinə əsasən 2000 (iki min) manat pul və dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat alınaraq iddiaçı X2 xeyrinə ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirdi ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)- 2062/2024 saylı 14 may 2024-cü il tarixli icra sənədinə əsasən qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilmiş icra hərəkətləri nəticəsində borcunu tam ödəmədiyi üçün onun barəsində 23 dekabr 2024-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, həmçinin ərizə təqdim edərək, bildirdi ki, onun borcun ödənilməsindən yayınmaq niyyəti yoxdur. Hazırda borcundan 100 (yüz) manat ödəniş etmişdir. Qalan borcu isə 2025-ci ilin yanvar ayının sonuna tam ödəyəcəyinə söz verir və bununla bağlı zərərçəkmiş şəxslə qarşılıqlı razılığa gəlmişlər. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X4 məhkəməyə izahat verərək və ərizə təqdim edərək, bildirdi ki, hazırda Şəxs 2040 (iki min qırx) manat borcundan 100 (yüz) manat ödəniş etmiş və qalan borcunun isə 2025-ci ilin yanvar ayının sonuna tam ödəyəcəyi ilə bağlı onunla qarşılıqlı razılığa gəlmişlər. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(125)-2062/2024 saylı, 14 may 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 2000 (iki min) manat pul və dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat alınaraq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-2062/2024 saylı 14 may 2024-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş borclunun axtarılması haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, Şəxs tərəfindən X2 hesabına xx.xx.2024-cü il tarixdə 100 (yüz) manat məbləğində pul köçürülmüşdür. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcunu vaxtında ödəmədiyi üçün icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlı İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs borcundan 100 (yüz) manat ödəniş etməsi və qalan borcun ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə qarşılıqlı razılığa gəlməsi onun qətnamənin icrasından yayınmağa çalışmadığını və borcunu ödəməyə davam etdiyini göstərir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev İş № 3 - (125) - 4575 / 2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL 23 dekabr 2024-cü il Gəncə şəhəri Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim Asif Əliyev 3(125)-4575/2023 İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında QƏRARDAD 23 dekabr 2024-cü il Gəncə şəhəri Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən protokol tərtib edilərək Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə material Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati xəta haqqında iş Gəncə Şəhər Məhkəməsinə aiddir. İşin baxılmasını istisna edən hallar, İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, qərara aldım: 1) İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin. 2) İşə daxil olduğu gün baxılsın. 3) İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının məhkəmə baxışında iştirak etmələri təmin edilsin. 4) İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-4575/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4575/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver