Məhkəmə qərarları › İş №3(125)-4597/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4597/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4597/2025 15.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Umud oğlunun sədrliyi, X5 oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 32135044 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32135044 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-dən idarə etdiyi “Mersedes Benz 2232” yük markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 14 ton 920 kiloqram gips daşı yükləyib Bakı istiqamətinə hərəkət edərkən Ucar rayonunda yerləşən AYNA yerüstü tərəzi ilə müəyyən edilmişdir ki, guya maşının 33 ton 160 kiloqram çəkisi vardır. Buna görə Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 600 manat cərimə tənbehi tətbiq edilmişdir. Barəsində tətbiq edilmiş cərimə ilə razı deyildir. Ona görə ki, o heç bir inzibati xəta törətməmişdir. "xxxx" ASC-dən çıxarkən boş yük maşının 10 ton 620 kq olması, yükünün isə 14 ton 920 kq olması və cəmi maşınla birlikdə yükün çəkisinin 25 ton 480 kq olmasını özündə əks etdirən rəsmi arayış verilmişdir. Ərizəyə əlavə etdiyi 3 ədəd fotoşəkildən açıq-aydın görünür ki, onun idarə etdiyi yük maşını tərəzidən keçərkən onun idarə etdiyi yük maşını ilə paralel bir ədəd “Ford” markalı maşın da keçmişdir. Eləcə də ondan qabaqda gedən yük maşındakı yük çəkilərkən onun yük maşınının dövlət qeydiyyat nişanı çəkilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul olunmuş, EQ 32135044 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, təqdim etdiyi arayışlara əsasən idarə etdiyi yük maşını ilə yükün birgə çəkisi icazə verilən çəkidən çox olmamışdır. Təqdim etdiyi fotoşəkillərdən də aydın görünür ki, onun idarə etdiyi yük maşını tərəzidən keçərkən onun idarə etdiyi yük maşını ilə paralel “Ford” markalı maşın da keçmişdir. Həmçinin ondan bir az öndə də başqa bir yük maşını hərəkətdə olmuşdur. Bu səbəbdən də həmin yolda olan tərəzi vasitəsi ilə icazə verilən çəkidən artıq çəki müəyyən edilmişdir. Göründüyü kimi müvafiq qanunvericiliyə əsasən nəqliyyat vasitəsində və qoşquda olan yük norma qaydalarını aşmamışdır. Onun barəsində qəbul edilmiş qərarın heç bir qanuni əsası yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 32135044 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan EQ 32135044 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin üzərinə qoyulsa da, həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı (yükün çəkisinin norma daxilində olması barədə təqdim etdiyi arayışlar nəzərə alınmaqla) və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün qərarı tərtib etmiş orqana ,yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32135044 nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması və aidiyyəti tədbirlərin görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar