Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4605/2025 17.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələbi pozularaq Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-100122/2025 nömrəli sorğu məktubu əsasında tələb olunan sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi X6 çıxışında xx.xx.2025-ci il tarixli ödəniş cədvəli məhkəməyə təqdim edərək X3 2025-ci ilin avqust ayı üçün 364 manat, sentyabr ayı üçün 515,82 manat əmək haqqı ödənildiyini və bunun əsasında X2 26 noyabr 2025-ci il tarixli 3-17-5/2-B-109660/2025 saylı məktubu təqdim edərək bildirdi ki, şikayətçi X1 müraciəti əsasında onun şikayəti baxılmamış saxlanılmışdır. Qeyd edilənlərə əsasən Şəxs MMC-nin İXM-nin tələblərini pozmadığını bidlirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMCnin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş: - Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin Şəxs MMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 100122/2025 nömrəli məktubundan görünür ki, vətəndaş X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid olan sənədləri 7 iş günü ərzində Gəncə-Daşkəsən regional şöbəsinə təqdim edilməsi xahiş olunmuşdur. - xx.xx.2025-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X3 2025-ci ilin avqust ayı üçün 364 manat, sentyabr ayı üçün 515,82 manat əmək haqqı ödənilmişdir. - xx.xx.2025-ci il tarixli, 3-17-5/2-B-109660/2025 nömrəli məktubdan görünür ki, X1 əmək hüquqlarının pozulması barədə müraciətinə ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsində baxılmış, araşdırma zamanı onun Nazirliyə xx.xx.2025-ci il tarixli, 3-17-5/1-E- 70137/2025 nömrəli məktubla müraciət edərək bundan öncəki müraciətin araşdırılmasının dayandırılmasını xahiş etmiş və bununla da xx.xx.2025-ci il tarixli, 3-17/1-E-57940/2025 nömrəli müraciət baxılmamış saxlanılmışdır. - Şəxs MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X1 məktubu şirkətə xx.xx.2025-ci il tarixdə saxil olmuş və həmin tarixdə sonuncunun bank hesabına Avqust- Sentyabr 2025-ci il əmək haqqı və son haqq hesabı 879,82 manat köçürülmüş, xx.xx.2025-ci il tarixdə isə ƏƏSMN-nə yenidən müraciət edərək araşdırmanın dayandırılmasını xahiş etmiş və şikyəti geri götürməsi barədə məlumat vermişdir. Bütün bu prosesslər 1 gün ərzində baş verdiyi üçün məktub cavablandırılmamışdır. Məhkəmə, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Belə ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla MMC-nin təqsirliliyi təkzib olunur. Belə ki, DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-5/2-100122/2025 nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Gəncə-Daşkəsən regional şöbəsinə təqdim edilməsi xahiş olunmuş, lakin məktub xx.xx.2025-ci il tarixdə daxil olmasına baxmayaraq xx.xx.2025ci il tarixdə vətəndaş E.Bəşirov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yenidən müraciət edərək araşdırmanın dayandırılmasını və şikayətin geri götürməsini xahiş etmişdir. Beləliklə, bu proses 7 iş günündən tez olduğundan yəni, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə baş verdiyi üçün cavablandırılmamışdır. Belə olduğu halda, hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, belə nəticəyə gəlir ki Şəxs MMC barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXMnin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4605/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4605/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver