Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4622/2025 15.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 xx.xx.2025-ci il tarixli, EQ/30325736 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/30325736 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 30325736 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə o, İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Sözügedən qərardan narazı qaldığı üçün şikayət ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. Şikayəti əsasında Gəncə şəhər Məhkəməsinin qərarı ilə barəsində DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli. EQ 30325736 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi qərara alınmışdır. Lakin məhkəmə qərarının olmasına baxmayaraq DİN Baş Dövlət Yol Polis İdarəsinin polis polkovnikleytenantı X3 tərəfindən heç bir araşdırma aparmadan yenidən onun iştirakı təmin olunmadan və Azərbaycan Respublikasının adından qəbul edilən qərara heç bir məhəl qoymadan inzibati xəta haqqında iş üzrə icraat haqqında işə baxılaraq barəsində xx.xx.2025-ci il tarixli, EQ/30325736 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Hesab edir ki, X1 18.1 1.2025-ci il tarixli, EQ/30325736 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, qanunvericiliyin tələbinə görə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasının səbəb və əsaslar müəyyən edilməli, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmalı, həmçinin icraata başlamaq haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməlidir. Lakin hazırki işin hallarından müəyyən edilir ki, inzibati xəta haqqında icraatın başlanmasının səbəbləri, yəni inzibati xəta hadisəsinin mövcudluğunu göstərən məlumatların necə əldə edilməsi, əgər inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdirsə hansı prosessual və ya rəsmi sənədin tərtib edilməsi (raport, akt və s) barədə müvafiq qeydiyyat aparılmamış, buna dair hər hansı bir sənəd əlavə edilməmişdir. Göründüyü kimi, vəzifəli şəxs onun barəsində qərarı elektron formada qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən İXM-nin tələbləri pozulmuş, işin bütün faktiki halları araşdırılmadan İXM-in tələblərinə uyğun tərtib edilməmişdir. X1 xx.xx.2025-ci il tarixli, EQ/30325736 nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam əsassızdır. Bildirir ki, barəsində qəbul edilmiş elektron qərarda göstərilmişdir ki, güya o, xx.xx.2025-ci il tarixdə, saat 12:55 radələrində M 2, E 60. AH 5 Bakı-Qazax-Gürcüstan yolu. 238 km-də Gəncə şəhəri “Changan Uni-Z Plug-in Hibrid" minik markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yolda müəyyən edilmiş hərəkət sürətini 42 km/saat həddində aşma qaydalarını pozmuşdur. Buna görə barəsində İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulmuş xx.xx.2025-ci il tarixli, EQ/30325736 nömrəli qərar qəbul edilmişdir. O, bu qərarla razı deyil. Odur ki, düzgün olmayan qaydada göndərilən EQ/ 30325736 nömrəli qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 çıxışında bildirmişdir ki sonuncu etibarnamə adına olduğundan cərimə ona gəlmiş, halbuki avtomobili başqası idarə etmişdir. O, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana və qərardan şikayət vermiş şəxsə lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ/30325736 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 42 km/saat həddində aşdığına görə 200 (iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; - 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; - 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə iki yüz manat məbləğində cərimə edilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı-Ələt-Qazax- Gürcüstan yolu, 238 kilometrliyində “Changan Uni-Z Plug-in Hibrid" minik markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 12:55:59 radələrində yolda müəyyən edilmiş hərəkət sürətini 42 km/saat həddində aşmış və bununla da İXM-in 328.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, həmin avtomobili idarə etmək hüququ sonuncu olaraq X4 etibar edilmiş və buna görə də onun barəsində EQ/30325736 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə şikayəti əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 12 yanvar tarixli Q1-001-12 nömrəli qərarı ilə təsdiq olunmuş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatda dəyişikliklər edilməsi barədə” qərarın 1.2-ci bəndinə əsasən aşağıdakı məzmunda 2.10 və 2.11-ci bəndlər əlavə edilmişdir. “2.10. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları vasitəsilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə operator nəqliyyat vasitəsinin iki qayda pozuntusunu və bir dövlət qeydiyyat nişanını əks etdirən fotoşəklini çəkir, DİN BDYPİ-nin X5 avtomobilin sahibi haqqında məlumatlar əsasında xüsusi formalı blank doldurur (Təlimata 16 nömrəli əlavə). Blankda eyni zamanda pozuntunun aşkarlanmasında istifadə edilmiş nəzarət kamerasının nömrəsi, xətanın mahiyyəti, törədildiyi ərazi, tarix və saat, habelə nəqliyyat vasitəsinin sahibi barədə məlumatlar qeyd olunur.”. “2.11. Blank doldurulduqdan sonra “Yol hərəkəti qayda pozuntularının qeydiyyatı kitabı”nda (Təlimata 17 nömrəli əlavə) sıra ardıcıllığı üzrə qeydiyyata alınır.”. Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Maddənin tələbindən də göründüyü kimi İXM-in 327.2 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Bu hissədə məhkəmə qeyd edir ki, törədilmiş inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilərək şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Belə ki, İXM-in 99.1.1, 99.1.2 və 99.1.3-cü maddələrində qeyd edilən hallar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər kimi göstərildiyindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/30325736 saylı qərar İXM-in müddəalarına uyğun tərtib edilmiş və şikayət vermiş şəxsin hüquqlarını pozmur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında elektron qərarla tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-in müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X6 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı və sonuncunun Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, EQ/30325736 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/30325736 saylı nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4622/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4622/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver