Məhkəmə qərarları › İş №3(125)-4623/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4623/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4623/2025 05.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 388- 1.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 2-ci Polis şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 388-1.1.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci tarixdə saat 13:30 radələrində 2-ci PŞ-də xidməti iş rejimini pozaraq polisin qanuni tələbinə tabe olmamış və sosial şəbəkədə polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında sahə rəisi X4 çıxışında protokolu raport əsasında tərtib etdiyini qeyd edərək Şəxs “facebook” sosial şəbəkədə “sancaq production” adlı səhifədə polislə bağlı paylaşılan videonun şərh bölməsində qeyri etik ifadələr yazdığını, bununla bağlı onun polis şöbəsinə dəvət olunduğunu bildirmişdir. Ona şöbənin inzibati binasında çağırılma səbəbini izah etdikdə ucadan danışaraq səs-küy salmışdır. İfadəsinin sonunda veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs çıxışında fərdi əməklə məşğul olduğunu və himayəsində üç azyaşlı övladının olmasını qeyd edərək “facebook” səhifəsində təsadüfən qarşısına X6 Şöbəsinin əməkdaşı ilə sərnişin arasında olan video rolikə baxan zaman polis əməkdaşının davranışından əsəbləşərək videonun şərh bölməsində fikir yazdığını bildirmişdir. O, daha sonra şöbəyə dəvət olunduğunu, deyilən vaxtdan 1 saat öncə şöbəyə getdiyini, orada polis əməkdaşlarına fikrini çatdıra bilmədiyini və buna görə ucadan səs-küy saldığını etiraf etmişdir. Sonda etdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, himayəsində azyaşlı uşağlarının olmasını, hepatit B xəstəliyindən əziyyət çəkməsini, polis əməkdaşlarından üzr istəməsini nəzərə çatdıraraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində çıxış edən X1 bildirmişdir ki, Şəxs “facebook” sosial şəbəkədə “sancaq production” adlı səhifədə polislə bağlı paylaşılan videonun şərh bölməsində “inspektor 30 qoyun satıb işə girib imkan verin işləsin” deyə fikir bildirmişdir. Bununla bağlı onu polis şöbəsinə dəvət etmiş, şəxs şöbədə “niyə görə məni çağırmısan? belə şeyə görə adam mı çağırarlar?” deyə ifadələr işlətmiş, ona sosial şəbəkədə işlətdiyi ifadələrin qeyri etik olduğunu izah etdikdə şəxs səs tonunu qaldıraraq aqressiv hərəkətlərinə davam etmiş, bundan sonra onun barəsində raport tərtib edərək növbətçi hissəyə təhvil vermiş və bu zaman şəxsin növbətçi hissədə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, barəsində icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 535.1 və 388-1.1.1-ci maddələrinin dispozisiyaları ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki hallarından və Şəxs məhkəmə iclasında verdiyi izahatdan, həmçinin sahə rəisi X2 və şahid ifadəsindən görünür ki, o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələblərinə tabesizlik göstərməmişdir. Bununla da, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması sübuta yetirilməmiş, onun polisin qanuni tələblərinə tabesizlik göstərməsini təsdiq edən mötəbər sübutlar-video görüntü, səs yazısı və sair iş materiallarına əlavə edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsinə görə internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi həmin maddə ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: 13-2.3.1. terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; 13-2.3.2. zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; 13-2.3.3. dövlət sirri təşkil edən məlumatlar; 13-2.3.3-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatlar (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla); 13-2.3.4. odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; 13-2.3.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; 13- 2.3.6. pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; 13-2.3.7. qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; 13-2.3.8. intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; 13-2.3.8-1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla); 13-2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; 13-2.3.10. əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; 13-2.3.10-1. insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar; 13-2.3.11. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya. Göründüyü kimi Şəxs etdiyi hərəkət “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununа əsasən qadağan edilən informasiyaya aid edilməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 388- 1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edərək peşman olmasını, polis əməkdaşlarından üzr istəməsini, himayəsində üç azyaşlı uşağının olmasını və ilk dəfə məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. İş materialında olan: xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 13:50-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 388-1.1.1-ci maddələri üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, ona 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdə saat 13:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar