Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4633/2025 08.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, tələbkarın etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-892/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 400 manat məbləğində aliment pulu tələbkar X4 ödənilsin.Belə ki,borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir.İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununlada borclu,borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir və borclunun hal-hazırda 8184 manat borcu vardır. Məhkəmə iclasında icra məmuru X6 protokolun məzmununa uyğun çıxış edərək Şəxs 2025-ci ilin yanvar ayından sonra heç bir ödəniş etmədiyini bildirmiş və protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs ifadəsində maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilmədiyini, hazırda yeni işə girdiyini və ona vaxt verilərsə borcunu hissə-hissə ödəyə biləcəyini qeyd etdi. Məhkəmə iclasında tələbkar şəxsin nümayəndəsi X3 çıxışında borclu Şəxs vaxtın verilməsinə etiraz edərək borcunu ödəmədiyi halda məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: - 08 dekabr 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-892/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 8184 manat aliment borcu vardır. - Gəncə şəhər Məhkəməsinin 2(125)-892/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay 400 manat məbləğində alimentin tələbkar X4 ödənilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhkəməsinin 2(125)-892/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində borcun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78,79,81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir.. - Borclunun icra idarəsində verdiyi izahatdan görünür ki, o, yeni işə girdiyi üçün borcunu hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. - xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki,Şəxs barəsində axtarış elan edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8(səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-123/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15(on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 8(125)-1183/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs tənbeh aldıqdan sonra il ərzində təkrarən eyni icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin və özünün izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 3(125)- 123/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati qaydada həbs edilməsinə baxmayaraq həmin vaxtdan bugünə kimi maddi imkanının olmadığını əsas gətirərək il ərzində borcundan ödəniş etməyərək eyni icra sənədi üzrə tələbi icra etməmişdir. Halbuki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, borcun bir hissəsini ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. O, sadəcə maddi imkanı olmadığını bəhanə edərək üzrsüz səbəbdən icra sənədindəki tələbin icrasından yayınaraq icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 08 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4633/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4633/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver