Məhkəmə qərarları › İş №3(125)-4657/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4657/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4657/2024 24.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, zərərçəkmiş şəxsin (icra işi üzrə tələbkarın) etibarnamə üzrə nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şəmkir rayonu Təzəkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 24 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-182/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay hər uşaq üçün 90 (doxsan) manat, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq Məmmədova (Bağırova) Elnurə Elşən qızına ödənilməsi və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3493/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs icra sənədində adları çəkilən qızıl-zinyət əşyalarının, həmin əşyaların özünü qaytarmaq mümkün olmadıqda onların dəyəri alınaraq tələbkar Məmmədova (Bağırova) Elnurə Elşən qızının xeyrinə ödənilməlidir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirdi ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-182/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilmiş icra hərəkətləri nəticəsində aliment borcunu tam ödəmədiyi və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3493/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs icra sənədində adları çəkilən qızıl-zinyət əşyalarının, həmin əşyaların özünü qaytarmaq mümkün olmadıqda onların dəyəri alınaraq tələbkara qaytarılmadığı üçün onun barəsində 24 dekabr 2024-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, həmçinin ərizə təqdim edərək, bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-182/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən onun 6170 (altı min yüz yetmiş) manat aliment borcu yaranmışdır. Onun aliment borcunun ödənilməsindən yayınmaq niyyəti yoxdur. Hazırda o, aliment borcundan 400 (dörd yüz) manat ödəniş etmiş və aylıq aliment ödənişlərini vaxtında ödəməklə qalan aliment borcunu hər ay 50-100 manat olmaqla ödəyəcəyinə söz verir. Həmçinin digər icra sənədinin də icrasından yayınmır. Onu da yaxın vaxtlarda həll edəcəyinə söz verir. Hazırda həyat yoldaşı xəstədir və bununla əlaqədar olaraq ailə vəziyyəti çətindir. Qeyd olunanlara əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin (tələbkarın) etibarnamə üzrə nümayəndəsi X5 məhkəməyə izahat verərək və qəbz təqdim edərək, bildirdi ki, hazırda Şəxs aliment borcundan 400 (dörd yüz) manat ödəniş etmiş və aylıq aliment ödənişlərini vaxtında ödəməklə qalan aliment borcunu hər ay 50-100 manat olmaqla ödəyəcəyinə söz verir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 182/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2017-ci il tarixdən etibarən azyaşlılar Sevil, Elnarə və Zəhranın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment iddiaçı Məmmədova (Bağırova) Elnurə Elşən qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-182/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3493/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs icra sənədində adları çəkilən qızıl-zinyət əşyalarının, həmin əşyaların özünü qaytarmaq mümkün olmadıqda isə onların dəyəri alınaraq tələbkar X3 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, borcluya xəbərdarlıqlar göndərilmiş, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 400 (dörd yüz) manat məbləğində pulu tələbkarın etibarnamə üzrə nümayəndəsi X2 vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcunu vaxtında ödəmədiyi üçün icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlı İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs aliment borcundan 400 (dörd yüz) manat ödəniş etməsi və aylıq aliment ödənişlərini vaxtında ödəməklə qalan aliment borcunun hər ay 50-100 manat olmaqla ödənilməsinə söz verməsi onun barəsində olan icra sənədinin icrasından yayınmağa çalışmadığını göstərir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar