Məhkəmə qərarları › İş №3(125)-4664/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4664/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4664/2025 11.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Səlahiyyətli orqanın nümayəndəsi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə şəhəri, T.Arani küçəsi, ev 7, mənzil 6da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 11 dekabr 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, 2393021nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21-də Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi ilə Ə.Nəzmi küçəsində **-MC-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtomaşını idarə edən zaman Gəncə şəhər BPİ-nin CAB-nin əməkdaşları tərəfindən saxlanılaraq Narkoloji Dispanserdən keçirilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs narkotik vasitə qəbul etməsi ilə bağlı səmimi olaraq peşman olduğunu bildirmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olsa da, nəqliyyat vasitəsinin narkotik vasitənin, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs Gəncə şəhər BPİ-nin CAB-nin əməkdaşları tərəfindən “Mercedes Vito” markalı avtomaşını sürən zaman saxlanılmışdır. Bu barədə Gəncə şəhər DYPŞ əməkdaşlarına məlumat verilmiş, təhqiqat qərarı əsasında Şəxs Narkoloji Dispanserə aparılmış, dispanserdə analiz zamanı Şəxs sidik analizindən THC (marixuana) müəyyən edilmişdir. Bundan sonra Şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi İTB-in polis sahə rəisi, polis mayoru X5 xidməti otağında izahatı alınan zaman polisin qanuni tələbinə tabe olmayaraq səs-küy salmış, bu hərəkətlərinə görə nizam-intizama dəvət olunmuşdur. Onun barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, protokolu Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi İTB-in polis sahə rəisi, polis mayoru X10 tərtib etsə də, məhkəmə iclasında o, iştirak edir. İnzibati qaydada tutma protokoluna əsasən Şəxs xx.xx.2025-ci il tarixdə tutulmuş, bugünədək saxlanılır. Sonda protokolu müdafiə edərək Şəxs həmin “Mercedes Vito” markalı avtomobillə sərnişin daşımasının nəzərə alınaraq protokolun təmin olunmasını və barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində evin qarşısında “Mercedes Vito” markalı avtomaşının yanında durarkən mülki formada olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun Gəncə şəhər BPİ-nə getməli olduğunu bildirmişlər. xx.xx.2025-ci il tarixdə toyuğuna dən almaq üçün bazara getmiş, oradan qayıdanda evin qarşısında polis əməkdaşları tərəfindən avtomobili ilə birlikdə Baş İdarəyə aparılmışdır. Gəncə şəhər BPİ-də ona onun marixuana qəbul etməsi barədə məlumat daxil olduğunu demişlər. Bundan sonra Narkoloji Dispanserə aparılmış, dispanserdə analiz zamanı onun sidik analizində THC (marixuana) müəyyən edilmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixdən bugünədək inzibati qaydada tutulmuşdur. 10 gün bundan qabaq restoranda olarkən müştəridən siqaret istəmiş, müştəri isə siqaret kimi ona sonradan məlum olan marixuananı vermişdir. Polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, nalayiq ifadələrdən istifadə etməmişdir, etdiyi tək səhv hərəkəti o, olmuşdur ki, Narkoloji Dispanserdə çöldə zibil qabında olan analiz götürülən içərisində sidik olan stəkanın birini götürərək sidik analizini dəyişdirmək istəmişdir. Həyəcanlanaraq bu hərəkəti etmişdir, sonradan polis əməkdaşları bunu görərək stəkanı əlindən almışlar, o, özü analiz vermişdir. Bugünədək polis orqanında işi olmamışdır. Odur ki, ilk dəfə inzibati xəta törətməsinin və yaşlı olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru, polis baş serjantı X8 ifadəsində bildirdi ki, Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru X1 şəhəri, M.A.Abbaszadə küçəsi ilə Ə.Nəzmi küçəsinin kəsişməsində “Dədəmin aptekinin” yanında “Mercedes Vito” markalı avtomobili idarə edən Şəxs saxlamış, Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru X6 dəstək üçün onları dəvət etmiş, bundan sonra Şəxs avtomobili ilə birlikdə Gəncə şəhər BPİ-nin qarşısına gətirilmiş, Şəxs özünü şübhəli apardığı üçün isə oradan Narkoloji Dispanserə aparılmışdır. Narkoloji Dispanserdə olan zaman Şəxs başqa vətəndaşa məxsus sidik analizi ilə özünün sidik analizini dəyişdirmək istəmişdir. Bu hərəkəti ilə o, polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 206 və 333-1-ci maddələrinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri 1-ci Polis Şöbəsinin İTB-yə göndərilmiş, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. - Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 1957 nömrəli, 10 dekabr 2025-ci il tarixli rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 4288/2025 nömrəli, xx.xx.2025-ci il tarixli tibbi müayinə aktından görünür ki, Şəxs sidikdə narkotikin yoxlanılmasından imtina etdiyi üçün sidikdə narkotik maddənin xromotoqrafik test-xətt üsulu ilə müayinəsi zamanı sidiyində narkotik THC (marixuana) aşkar edilmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq tərəfləri və şahidi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXMin 510-cu maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Çünki Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlərin törədilməsi sübuta yetirilməmiş, onun həmin inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranmaları üçün imperativ şərt olan “ictimai qaydanın pozulması”na dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici ifadəsi, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs əməlini qismən etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdırılan hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Belə ki, Şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitələrdən istifadə etdiyini (İXM-in 206), həmin narkotik vasitələrin təsiri altında avtomobil idarə etdiyini (İXM-in 333-1.1) və Narkoloji Dispanserdə olarkən polisin qanuni tələbinə tabe olmayaraq sidik analizi verməkdən imtina edərək başqa şəxsə məxsus olan sidik analizini öz analizi kimi təqdim etmək istədiyini etiraf etmişdir (İXM-in 535.1). Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206, 333-1.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2025-ci il tarixdən, saat 21:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 18 (on səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 21:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar