Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4665/2025 17.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, X1 xx.xx.2025-ci il tarixli, EQ 32448747 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32448747 saylı inzibati qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32448747 nömrəli inzibati tənbeh vermə haqqında qərarla 20 (iyirmi) manat məbləğində cərimə olunmuş, duya o, dayanma qaydalarını pozmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, o, dayandığı yerdə dayanmanı qadağan edən heç bir nişan yoxdur və qərardakı şəkildəndə göründüyü kimi onun arxasında sağda və solda kütləvi şəkildə avtomobillər dayanmışdır. Qəbul edilmiş qərarda dayanmağın qadağan olunmasını sübut edən heç bir əlavə yoxdur. Bununla bağlı o, Gəncə şəhəri DYPŞ-nə müraciət edərkən orada müəyyən araşdırma apardıqdan sonra onun haqlı olduğunu, lakin qərarı yalnız məhlkəmənin ləğv edə bilcəyini bildirmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə X2 və səlahiyyətli orqana lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, EQ 32448747 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunmuşdur ki, X2 həmin tarixdə, saat 15:31:46-da “Kia Forte”minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 “dayanma” qaydalarını pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də, Ş.Musayev Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri, o cümlədən məhkəməyə təqdim olunan sübutları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şikayətçi X1 inzibati xəta törətməsini, yəni dayanma və durma qaydalarını pozmasını təsdiq edən sübutları səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmiş və bununla da onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Habelə, həmin elektron qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, avtomobil saxlanılarkən piyadaların hərəkətinə maneə olmur, həmçinin avtomobilin dayandığı yerdə “dayanma və durmanı” qadağan edən “yol nişanı” və “nişanlama xətti” mövcuddu deyildir. Beləliklə qeyd edilməlidir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV bəndində dayanmanın qadağan edildiyi yerlər dəqiqliklə göstərilmişdir. Belə ki, həmin maddəyə əsasən tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyrimümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında; avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. Lakin, X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda, onun “Yol hərəkəti haqqında” Qanununun hansı tələbini pozması ümumiyyətlə göstərilməmişdir. Çünki, yuxarıda qeyd edildiyi kimi “Yol hərəkəti haqqında” Qanunda dayanma qaydalarının bir neçə formada pozula bilməsi qeyd edilmişdir. Həmin qaydalardan məhz hansının tələblərinin pozulduğu göstərilməmişdir. Şəxsin konkret hansı əməlinin dayanma qaydasının pozuntusu kimi qiymətləndirilməsi qərarda qeyd edilməmişdir. Halbuki, inzibati xəta haqqında iş üzrə qərarda İXM-in 115.1.4-cü maddəsinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar göstərilməlidir. Bununla da məhkəmə hesab edir ki, qərarda inzibati xəta tərkibini yaradan əməl konkret qeyd edilmədiyindən, yəni “Yol hərəkəti haqqında” Qanunun hansı tələbini necə pozmaqla xəta törədildiyi qeyd edilmədiyindən, inzibati xəta haqqında qərarda göstərilməyən hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxsi inzibati məsuliyyətə cəlb etmək olmaz. Digər tərəfdən qeyd edilməlidir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin dayanması dedikdə, adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi başa düşülür. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, X1 əməlində dayanma qaydalarını pozması halı müəyyən edilmədiyindən, onun Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 şikayətində göstərilən dəlillər əsaslı hesab edilməlidir, çünki, onun Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixli, EQ 32448747 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32448747 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4665/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4665/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver