Məhkəmə qərarları › İş №3(125)-4669/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4669/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4669/2024 27.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə ŞBPİ 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ 1-ci polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü tarixdə saat 12:03 radələrində Şəxs Gəncə şəhərində yerləşən Xan bağı parkında özünə məxsus mobil telefon ilə danışan zaman ucadan nalayiq ifadələr işlədərək ətrafda olan insanların diqqətini özünə cəlb edib, ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə tabe olmamış və polisin inzibati binasında yenidən nalayiq ifadə işlədib PŞ-də iş fəaliyyətini pozmuşdur. Beləliklə, o, Azərbayan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Gəncə ŞBPİ 1-ci polis şöbəsinin İTB-nin sahə rəisi X3 protokolu raport əsasında tərtib etdiyini bildirərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs çıxışında törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, həmin vaxt əsəbi olduğundan söyüşlər söymüşdür. Bu zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb sakitləşməsini tələb etmiş, lakin o, əsəbi olduğundan sakitləşməmiş və polisin qanuni tələbinə tabe olmayaraq hərəkətlərinə davam etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən şöbəyə gətirildikdə isə orada yenidən tabesizlik göstərdiyini və ünvansız söyüşlər söydüyünü etiraf etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında həmin Məcəllənin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal törətdiyi əməli etiraf etməsidir, onun məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar