Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4673/2025 17.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli, EQ 32390265 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32390265 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın və sürücülük vəsiqəsinə yazılmış 2 balın ləğv edilməsini, barəsində tətbiq edilmiş inzibati cərimənin “İcmal” informasiya sistemindən silinməsini, habelə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə barəsində İXMnin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 50 (əlli) manat məbləğində inzibati cərimə tətbiq edilməsi ilə yanaşı 2 balla qiymətləndirilərək sürücülük vəsiqəsinə əlavə edilmişdir. İXM-nin 327-ci maddəsinin qeyd hissəsinə əsasən həmin məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulmuş xəta 2 balla qiymətləndirilir. Hesab edir ki, sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, sözügedən inzibati xəta həmin gün onun tərəfindən deyil, “Porsche Cay enne GTS” markalı, “** OG ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən həyat yoldaşı - X6 tərəfindən törədilmişdir. BB141462 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Porsche Cayenne GTS” markalı, “** OG ***” dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. Qax rayon notariat ofisinin xüsusi notariusu X7 tərəfindən xx.xx.2023-cü il tarixində təsdiq edilmiş etibarnaməyə əsasən X6 tərəfindən X2 7 il 6 ay 5 gün müddətinə - yəni, xx.xx.2030-cu il tarixinədək nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. R.Məmmədovun “Porsche Cayenne GTS” markalı, “** OG ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı verdiyi etibarnamələrin siyahısı "epolis” mobil tətbiqində görünür (həmin foto şikayətə əlavə olunur). Siyahıdan görünür ki, R.Məmmədov xx.xx.2022 tarixində X5, xx.xx.2023 tarixində X2, xx.xx.2025 tarixində isə X9 etibarnamə vermişdir. Məlum olduğu kimi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə icraat avtonəqliyyat vasitəsinə sonuncu etibarnamə verilmiş şəxs barəsində aparılır. Bunun nəticəsində də həmin tarixdə sonuncu etibarnamə ona verildiyi üçün xx.xx.2025-ci il tarixli, 32390265 nömrəli elektron qərar onun barəsində tərtib edilmişdir. İnzibati xəta dekabr ayın 2-də törədildiyindən həmin tarixdə sonuncu etibarnamə ona məxsus olmuş, ondan 1 gün sonra, dekabr ayın 3-də X9 etibarnamə verilmişdir. Halbuki həmin vaxt inzibati xəta onun tərəfindən törədilməmiş, yəni nəqliyyat vasitəsini özü yox, həyat yoldaşı idarə etmişdir. X6 “e-polis” mobil tətbiqi vasitəsilə xx.xx.2025-ci il tarixində BDYP-nə müraciət etmişdir. Müraciətdə “Salam, Mədinə isgendərova Elman qizi (AD229028) sürücülük vəsiqəsinə yazılmış aşağıdakı cərimələrdə mən X6 (AC648358) iştirak etmişəm. Həmin cərimə ballarının mənim sürücülük vəsiqəsinə keçirilməsini xahiş edirəm. EQ 32390265, EQ 31614335, EQ 31376015” deyə qeyd edilmişdir. Müraciətdə “Mədinə İsgəndərzadə” əvəzinə “Mədinə İsgendərova” qeyd edilməsi texniki yanlışlıq olmuşdur. Belə ki, AD229028 seriya və nömrəli sürücülük vəsiqəsi ona məxsusdur. Həmin müraciətdə qeyd edilən EQ 32390265 nömrəsi onun tərəfindən mübahisələndirilən elektron qərarın nömrəsidir. Nəticədə törətmədiyi inzibati xəta nəticəsində sürücülük vəsiqəsinə 2 bal əlavə edilmiş və toplanmış balların sayı 20-yə çatdığı üçün nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Odur ki, barəsində qəbul edilmiş qəraraın ləğv edilməsini və iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək sürücülük vəsiqəsi məhdudlaşdırıldığından avtomobili idarə etmədiyini, cərimənin yoldaşına aid olduğunu və kamera görüntülərin mövcud olduğunu bildirmiş, odur ki, barəsində qəbul edilmiş EQ 32390265 saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə işə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, EQ 32390265 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunmuşdur ki, X3 həmin tarixdə, saat 19:09:16-da “Porsche Cayenne-GTS” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 26 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri, o cümlədən məhkəməyə təqdim olunan sübutları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Çünki qərara əlavə edilmiş fotoşəkildən “Porsche Cayenne-GTS” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki olaraq şikayətçi X3 tərəfindən idarə edilməsi aydın olmur. Bundan başqa şikayətçi X1 inzibati xəta törətməsini, yəni sürət həddini aşması ilə bağlı qaydaları pozmasını təsdiq edən sübutları video görüntü, fotoşəkil və s. inzibati qərarı tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi göstərilmiş, yolda müəyyən edilmiş hərəkət sürətini aşma inzibati məsuliyyəti özündə ehtiva edir. “Yol hərəkəti haqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin Vİİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması”nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Sadalanan qanunvericilik normalarının tələblərinə riayət olunub olunmaması haqqında qərarı tərtib etmiş orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyi və həmin inzibati xətanın törədən şəxsin kim olmasını qərara əlavə edilmiş fotoşəkildən aydın olmadığı üçün məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, EQ 32390265 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi sübuta yetirilmir. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32390265 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32390265 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4673/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4673/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver