Məhkəmə qərarları › İş №3(125)-4674/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4674/2024

29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4674/2024 29.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə ŞBPİ-nin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə ŞBPİ-nin 1-ci polis şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 28 dekabr 2024-cü il tarixli MN ******* saylı protokolda qeyd edilmişdir ki, Gəncə şəhər Prokurorluğundan daxil olmuş məktuba əsasən narkotik maddə istifadəsində şübhəli olan Şəxs Gəncə şəhəri, Narkoloji Dispanserə aparılmış və sidik analizindən THC (marixuana) aşkar edilmiş və nəticədə İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş X2 çıxışında protokolun məzmununa uyğun ifadə verərək prokurorluğun ölüm işi ilə bağlı apardığı araşdırma nəticəsində şübhəli şəxs Şəxs Narkoloji Dispanserə aparıldığını və orada sidik analizindən narkotik vasitə THC aşkar edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs çıxışında qohumu mərhum Hacızadə Orxanının nənəsinin ona zəng vuraraq Orxanın öldüyünü və meyitxanada olduğunu bildirmişdir. O meyitxanaya getdikdə prokurorluğun əməkdaşı onu və digər iki şəxsi Narkoloji Dispanserə aparmış və onun sidiyində narkotik vasitə aşkar edilmişdir. Daha sonra isə onlar prokurorluğa aparılaraq orada izahatlarını alınmışdır. Sonda o, narkotik vasitədən ara bir istifadə etdiyini, hadisədən isə 3-4 gün əvvəl narkotik vasitə marixuanadan istifadə etdiyini bildirərək əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 27 dekabr 2024-cü il tarsixli, 4610/2024 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə nəticəsində sidikdə narkotik vasitə AMP, THC aşkar edilmişdir. - 28 dekabr 2024-cü il tarixli MN ******* saylı protokolda qeyd edilmişdir ki, Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə əldə edərək istifadə etmiş və nəticədə İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - 28 dekabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan məlum olur ki, cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 206-cı maddəsinin tərkibi olduğundan inzibati icraat açılması üçün qərar Gəncə ŞBPİ-nin 1-ci PŞ-nin İTB-nə göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 28 dekabr 2024-cü il tarixli, 2038 saylı rəyi ilə müəyyən edilmişdir ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs narkotik vasitədən istifadə etməsi və əldə edərək saxlaması, beləliklə İXM-in 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olması və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar