Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4696/2025 22.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32608378 nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32608378 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, ona 13 dekabr 2025-ci il tarixdə İXM 327.2-ci maddəsi ilə svetaforun qadağanedici işarəsi verilərkən hərkətin davam etdirilməsinə görə EQ 32608378 nömrəli protokol tərtib edilmişdir. O, bu protokol ilə razı deyil. Belə ki, Azərbaycan Respublikasının Qanununun 5-ci fəsli, 76-cı maddəsinin 4-cü bəndini rəhbər tutaraq, svetaforun işarə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında quraşdırılmış svetaforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkəti davam etdirməlidir. Bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. O, yolayrıcına daxil olanda svetaforun yaşıl işığı yanırdı, bu cür hallarda qaydada göstərildiyi kimi sürücü hərəkəti davam etdirməlidir. Tərtib edilən protokolun yenidən araşdırılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayətin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq DİN Baş DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 32608378 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 “svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərkətin davam etdirilməsinə” görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən (videogörüntü) sübutları məhkəməyə təqdim etmədiyindən, DİN Baş DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32608378 inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, EQ 32608378 nömrəli qərarla X1 İXM-in 175-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, EQ 32608378 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32608378 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4696/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4696/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver