Məhkəmə qərarları › İş №3(125)-4739/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4739/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4739/2025 18.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206, 334-1.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı və Gəncə şəhər X6 Şöbəsinin polis serjantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş materiallara baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş sahə rəisi X3 çıxışında təhqiqat bölməsinin qərarı əsasında vətəndaşın barəsində İXM-nin 206 və 535.1-ci maddələri ilə protokol tərtib etdiyini və vətəndaşın izahat verərkən narkotik vasitəsini qəbul etməsinə görə səmimi peşman olmasını, lakin polisə qarşı hər hansi bir formada müqavimət göstərməməsini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq iş üzrə şahidin olmadığını bildirərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən 17:00 radələrində Ş.İ.Xətai prospektində Azərbaycan Texnologiya universitetinin qarşısında avtomobil idarə edərkən yol hərəkət qaydalarının tələbini pozduğu üçün Yol Polis Xidmətinin əməkdaşı tərəfindən saxlanmışdır. Daha sonra polis ona avtomobilə əyləşməyi bildirmiş, o, da avtomobilə əyləşmiş və onu narkoloji dispanserə aparmışlar. Dispanserdə müayinə zamanı sidiyində THC aşkar olunmuşdur. Sədrlik edənin sualına cavab olaraq narkotik istifadəçisi olmadığını, təxminən 1 ay bundan öncə Bakıda toy məclisində narkotik vasitəsini qəbul etdiyini və əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcyinə dair söz verərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: - xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “BMW 3251” minik markalı, **-LA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2025-ci il tarixli 4364/2025 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, Şəxs sidik analinizində THC aşkar edilmişdir. - xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə 18:00-da tutulmuşdur. - xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində “BMV” markalı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozduğu üçün Gəncə şəhər DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və Gəncə şəhər Narkoloji Dispanserdə müayinədən keçən zaman sidik analizindən THC aşkar edilmişdir. - xx.xx.2025-ci tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və onun əməlində İXM-nin 206-cı,334-1.1 və 535.1-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci PŞ-nin İTB-nə və DYPQ-na göndərilmişdir . - xx.xx.2025-ci il tarixli 1993 saylı Gəncə şəhəri Narkoloji Dispanserinin rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmaması sübuta yetirilməmiş, onun inzibati xətaları törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmiş və iş üzrə şahidlər təqdim edilməmiş, həmçinin onu saxlayan polis əməkdaşı məhkəmə iclasına gəlib ifadə verməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 535-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün imperativ şərt olan “polisin ictimai qaydanı mühafizə edərkən qanuni tələbinə qəsdən tabe olmaması”na dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən mötəbər dəlilin və sübutun olmamasını nəzərə alınaraq onun inzibati xətaları törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 206-cı və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibləri olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs oğlunun əməlini etiraf edərək peşman olmasını və il dəfə inzibati məsuliyyətə cəlb edilməsinin onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 206 və 334-1.1-ci maddəsi ilə yanaşı, 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilməlidir. Şəxs oğlu eyni vaxtda öz hərəkətləri ilə İXM-in müxtəlif maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 334-1.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXMin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 206-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, yüngülləşdirici halların olmasını, ağırlaşdıran halların olmamasını, həmçinin onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli bilinənərək həmin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 334-1.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək İXM-nin 31.4-1 maddəsi nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar